Kamila Əliyeva: “Erkən evliliklərin qarşısının alınması istiqamətində mühüm addımlar atılır”

image-img_3310backend

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva newsbaku.az-a müsahibəsində bildirib ki, dövlət tərəfindən erkən evliliklərin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və qanunvericiliyə mühüm dəyişikliklər edilib.

Onun sözlərinə görə, Ailə Məcəlləsində nikah yaşı oğlanlarla qızlar üçün bərabərləşdirilərək 18 yaş müəyyən edilib, Cinayət Məcəlləsində isə nikah yaşına çatmayan şəxslərin evliliyinə məcbur etməyə görə cəza tədbirləri nəzərdə tutulub. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli Qərarı ilə gənclər arasında ailənin əhəmiyyəti, erkən və qohum nikahların mənfi nəticələri ilə bağlı maarifləndirmə işlərinin aparılması qaydası təsdiqlənib və icrası 14 aidiyyəti quruma həvalə olunub”, – deyə o vurğulayıb.

Əliyeva qeyd edib ki, Dövlət Komitəsi və onun tabeliyindəki Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən məktəblərdə, peşə və orta təhsil müəssisələrində şagird, tələbə, müəllim və valideynlərin iştirakı ilə maarifləndirici görüşlər keçirilir. Erkən evliliklə bağlı məlumat daxil olan hallarda isə icra hakimiyyəti və polis nümayəndələrinin iştirakı ilə ailələrə səfərlər təşkil olunur, qanunvericilikdə nəzərdə tutulan məsuliyyət izah edilir.

Məlumata görə, Komitənin dəstəyi ilə 116111 uşaq hüquqları üzrə qaynar xətt fəaliyyət göstərir. Statistikaya əsasən, son illərdə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayında azalma müşahidə olunur: 2022-ci ildə bu rəqəm 2011 nəfər olduğu halda, 2023-cü ildə 1742, 2024-cü ildə isə 1279 nəfərə düşüb.

Bununla yanaşı, müdir müavini bildirib ki, erkən evlilik halları hələ də narahatlıq doğurur:

“Azərbaycan demokratik ölkədir və azyaşlıların evliliyə məcbur edilməsi gender əsaslı zorakılığın ən bariz nümunəsi hesab olunur. Bu səbəbdən 2024-cü ildə qəbul edilən yeni qanuna əsasən, nikah yaşının istisna hallarda 1 il azaldılmasına verilən icazələr ləğv edilib. Həmçinin erkən evliliklərin təşkilinə, dini kəbinlərin kəsilməsinə və bu mövzuda sövdələşmələrə görə inzibati və cinayət məsuliyyəti sərtləşdirilib. Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib.”

Kamila Əliyeva əlavə edib ki, problemlə mübarizədə yalnız dövlətin deyil, ictimaiyyətin, QHT-lərin, din xadimlərinin və bütün cəmiyyət üzvlərinin fəal iştirakı da mühüm əhəmiyyət daşıyır.

newsbaku.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki