Dünyanın sürətlə inkişaf etdiyi, kosmosda ilk dövlətin təməllərinin atıldığı bir dövrdə, ölkəmizdə hələ də qızların təhsildən yayındırılması halları ilə qarşılaşmaq təəssüf hissi doğurur.
Məsələ ilə bağlı NewsBaku-nun sorğusuna cavab olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu erkən evliliklərin qarşısının alınması ilə bağlı dövlətin gördüyü işlər və qanunvericilikdə edilən dəyişikliklər barədə məlumat verib.
Onun sözlərinə görə, dövlət bu sahədə mütəmadi olaraq tədbirlər həyata keçirir və qanunvericilik bazası təkmilləşdirilir:
“Ailə Məcəlləsinə edilən dəyişikliklə qızların nikah yaşı oğlanlarla bərabərləşdirilərək 18 yaşa qaldırılıb. Cinayət Məcəlləsində nikah yaşına çatmayan şəxsi nikaha məcbur etməyə görə məsuliyyət nəzərdə tutulub (Maddə 176). Həmçinin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq və ya seksual xarakterli hərəkətlər etmək də cinayət sayılır (Maddə 152). Bu addımlar uşaqların və gənclərin hüquqlarının qorunmasına xidmət edir,” – deyə T. Mərdanoğlu bildirib.
O əlavə edib ki, Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli, 213 nömrəli Qərarı ilə gənclər arasında ailənin və nikahın əhəmiyyətinə dair maarifləndirmə Qaydası təsdiqlənib və bu Qaydanın icrası 14 aidiyyəti quruma həvalə olunub.
“Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri məktəblərdə, peşə və orta ixtisas müəssisələrində gənclər, müəllimlər və valideynlərlə görüşlər keçirir. Erkən evliliklərlə bağlı məlumat daxil olan kimi yerli icra hakimiyyəti və polis nümayəndələrinin iştirakı ilə ailələrə səfərlər edilir, qanunvericilikdə nəzərdə tutulan məsuliyyət izah olunur. Təhsildən yayınan və sosial risk altında olan uşaqlarla fərdi profilaktik işlər aparılır,” – deyə mətbuat katibi vurğulayıb.
Komitənin dəstəyi ilə fəaliyyət göstərən 116111 qaynar xətti də erkən evliliklərin qarşısının alınmasında mühüm rol oynayır. Teymur bəyin sözlərinə görə, görülən tədbirlər nəticəsində son illərdə müsbət dinamika müşahidə olunur:
“2011-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfər idisə, 2023-cü ildə bu rəqəm 1742-yə, 2024-cü ildə isə 1279-a düşüb. Bu, dövlət tədbirlərinin real nəticəsidir,” – deyə o qeyd edib.
Bununla yanaşı, Teymur bəy vurğulayıb ki, erkən evliliklər hələ də cəmiyyət üçün ciddi problem olaraq qalır:
“Azərbaycanda azyaşlıların nikaha məcbur edilməsi heç bir halda qəbul edilə bilməz və bu, gender əsaslı zorakılığın bariz nümunəsi hesab olunur. Bu sahədə 2024-cü ildə qanunvericilikdə mühüm dəyişikliklər edilib: nikah yaşının istisna hallarda bir il azaldılması ləğv olunub, həmçinin erkən evliliyin təşkili, yetkinlik yaşına çatmayan şəxslər barəsində dini nikah mərasimlərinin keçirilməsi və sövdələşmələrə görə məsuliyyət gücləndirilib. Yeni qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib,” – deyə o əlavə edib.
Sonda Teymur Mərdanoğlu bildirib ki, dövlətin gördüyü tədbirlərlə yanaşı, erkən evliliklərin qarşısının alınmasında ictimai fəalların, QHT-lərin, din xadimlərinin və bütövlükdə cəmiyyətin fəal iştirakı da həlledici rol oynayır.
Aynur Abdullayeva
newsbaku.az