Xaricdə Təhsil Şirkətlərinin Fırıldaqlarına Aldanmayın ! ― Ekspert Xəbərdarlıq Edir

image-1_icvtcekx1alsalaydqfcqa2xbackend

Xaricdə təhsil almaq istəyən gənclərin sayı ildən-ilə artır. Amma bu prosesdə qarşıya çıxan risklər, xüsusən də etibarsız şirkətlərin fəaliyyəti onların gələcəyini təhlükə altına qoyur.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “NewsBaku”ya müsahibəsində gənclərə xaricdə təhsil üçün müraciət edərkən diqqətli olmağı tövsiyə edib:

“Xaricdə təhsil arzusu çox gəncin həyatında böyük bir mərhələdir, amma bu arzunun reallaşması prosesində müəyyən risklər də ortaya çıxır.

Təəssüf ki, bəzən gənclərin və onların valideynlərinin bu həssas məqamdan sui-istifadə edən, heç bir rəsmi statusu və etibarlılığı olmayan şirkətlər fəaliyyət göstərir. Ona görə də gənclər ilk növbədə anlamalıdırlar ki, xaricdə təhsil prosesi ciddi sənəd dövriyyəsi, beynəlxalq standartlar və rəsmi təsdiqlər tələb edir. Sadəcə reklam və ya şifahi vədlərlə yönləndirilən heç bir proses sağlam nəticə vəd etmir”.

Ekspertin sözlərinə görə, bir çox vasitəçi qurum yalnız sosial şəbəkələr üzərindən fəaliyyət göstərir və heç bir ofisə, hüquqi şəxs statusuna malik olmur:

“Hər bir gənc xaricdə təhsil üçün müraciət edərkən şirkətin hüquqi statusunu öyrənməli, onun fəaliyyət lisenziyasının olub-olmamasını araşdırmalıdır. Belə halda gənclər bilməlidirlər ki, onların gələcəyi böyük risk altına qoyulur. Çünki təhsil prosesi təsadüfi vasitəçilərlə deyil, yalnız akkreditasiyası olan universitetlərlə rəsmi müqavilələr əsasında aparılmalıdır”.

Eksoert universitetlərin reytinqi və tanınması ilə bağlı məsələlərə aydınlıq gətirib:

“Gənclər və valideynlər yalnız şirkətin təqdim etdiyi məlumatlarla kifayətlənməməli, seçilən universitetin ölkə daxilində və beynəlxalq səviyyədə rəsmi tanınıb-tanınmadığını ayrıca yoxlamalıdırlar. Bu, həm təhsilin keyfiyyəti, həm də gələcəkdə diplomun Azərbaycanda və digər ölkələrdə etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır”.

O, həmçinin maliyyə məsələlərinə toxunaraq bildirib ki, ödəniş yalnız müqavilə imzalandıqdan sonra həyata keçirilməlidir:

“Gənclər bilməlidirlər ki, təhsil prosesi şəffaf maliyyə münasibətlərini tələb edir. Əgər şirkət əvvəlcədən yüksək məbləğdə ödəniş istəyirsə, lakin bunun qarşılığında rəsmi müqavilə və zəmanət təqdim etmirsə, bu, artıq bir siqnaldır. Şagirdlər və valideynlər yalnız rəsmi müqavilə imzalanandan sonra ödəniş etməli, müqavilədə isə universitetin adı, təhsil proqramı, qəbul şərtləri və ödəniş detalları açıq şəkildə göstərilməlidir”.

Əmrah Həsənli vurğulayıb ki, ən güclü vasitə doğru informasiya və araşdırmadır:

“Gənclər həm müvafiq dövlət qurumlarının açıqlamalarına diqqət yetirməli, həm də əvvəl bu şirkətlərlə əməkdaşlıq etmiş şəxslərin real təcrübəsini öyrənməlidirlər. Çünki düzgün informasiya olmadan verilən hər bir qərar gələcəkdə peşmançılıqla nəticələnə bilər”.

Sonda ekspert bildirib ki, xaricdə təhsil arzusu əlçatandır, lakin bu yolda ehtiyatlı davranmaq vacibdir:

“Sənədlərə və rəsmi prosedurlara ciddi yanaşmaq zəruridir. Əks halda, arzularını gerçəkləşdirmək əvəzinə, həm vaxtlarını, həm də maddi vəsaitlərini itirə bilərlər”.

Aynur Abdullayeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki