Ermənistan XİN rəhbərinin müavini: “Razılaşmalar İrəvan-Ankara münasibətlərinə təsir edəcək”

image-1200-1backend

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin mətninin paraflanmasını “tarixi addım” adlandırıb.

newsbaku.az-ın xəbərinə görə, diplomat bu barədə “Anadolu” agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, ABŞ-nin vasitəçiliyi ilə əldə olunan razılaşmalar, həmçinin İrəvanla Ankara arasında münasibətlərin normallaşması üçün də mühüm imkanlar açır.

Vaan Kostanyan bəyannamənin həm Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, həm də Ermənistan-ABŞ əlaqələri baxımından əhəmiyyətini vurğulayıb.

“Həm ABŞ ilə ikitərəfli danışıqlar, həm də ABŞ-Ermənistan-Azərbaycan üçtərəfli görüşü son dərəcə əhəmiyyətli idi, demək olar ki, tarixi idi”, – deyə o bildirib.

Kostanyan, həmçinin ABŞ ilə süni intellekt, yarımkeçiricilər və enerji sahələrində anlaşma memorandumlarının imzalandığını da nəzərə çatdırıb.

Nazir müavini qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı bəyanatları danışıqlar prosesinə müsbət təsir göstərib.

“Biz imzalanmış sülh bəyannaməsini mühüm mərhələ və Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün fürsət kimi nəzərdən keçiririk. Əgər Türkiyə ilə Ermənistan arasında kommunikasiyaları bərpa edə bilsək, bu layihə daha real xarakter alacaq, o cümlədən regional və qlobal kontekstdə daha böyük əhəmiyyət kəsb edəcək”, – deyə o əlavə edib.

Vaan Kostanyan Ermənistanın xoşməramlılıq nümayiş etdirdiyini vurğulayaraq, Ankaranın buna Ermənistan-Türkiyə sərhədini açmaq və diplomatik münasibətləri qurmaqla cavab verəcəyinə ümid etdiyini bildirib.

“Biz regionumuzda sabitlik və iqtisadi rifah üçün mühüm zəmin yarada bilərik”, – deyə diplomat qeyd edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki