İspaniyalı hücumçu Alvaro Morata “Qalatasaray”la yollarını ayırdığını rəsmi olaraq açıqlayıb.
newsbaku.az xəbər verir ki, futbolçu sosial şəbəkə hesabında paylaşdığı bəyanatda klubla yaşadığı problemlərə və yerinə yetirilməyən öhdəliklərə toxunub.
“Əziz “Qalatasaray” azarkeşləri və Türkiyə xalqı, mənə göstərdiyiniz sevgi, səmimiyyət və dəstəyə görə ürəkdən təşəkkür edirəm. Təəssüf ki, klubla yaşadığım təcrübədə verilən sözlərin yerinə yetirilmədiyi anlar oldu. Son ana qədər vədlər yerinə yetirilmədi, hətta əməyimlə qazandığım maaşımın bir hissəsindən və digər müqavilə hüquqlarımdan imtina etməli oldum (yayımlanan rəqəm doğru deyil).
Mənim üçün həm həyatda, həm də işdə bəzilərinə toxunmamaq lazım olan prinsiplər var – bunlardan biri də hər kəsin haqqına hörmət etməkdir. Qazanılmış olanın tanınmaması və ödənilməməsi mənə görə qəbuledilməzdir və inandığım ədalət və peşəkarlıq dəyərlərinə ziddir.
Bu məsələlər çox vaxt açıq şəkildə danışılmır, lakin mən azarkeşlərə gerçəkdə nə baş verdiyini izah etməyin doğru olduğuna inanıram. Siz və İstanbul şəhəri daim qəlbimdə yer alacaqsınız. Bu gün və gələcəkdə sizə ən yaxşılarını arzulayıram”.
Xatırladaq ki, Alvaro Morata yay transfer pəncərəsində “Qalatasaray”a qoşulmuşdu, lakin tərəflər mövsümün gedişində yollarını ayırmaq qərarına gəliblər.
newsbaku.az