newsbaku.az xəbər verir ki, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Azərbaycanın 2050-ci ilə qədər karbon emissiyasını 40 faiz azaltmaq öhdəliyi götürdüyünü bildirib.
Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün yaşıl enerjiyə keçid, qalıq yanacaqla işləyən avtomobillərin sayının azaldılması və sənaye müəssisələrinin müasir texnologiyalarla yenilənməsi əsas şərtlərdəndir.
E. Cəfərli vurğulayıb ki, enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycan yaşıl enerji sahəsində mühüm layihələr reallaşdırıb. Quruda 27 qiqavat, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavat külək enerjisi potensialı mövcuddur. “Masdar” şirkətinin inşa etdiyi 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası isə regionda ən iri layihədir.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda son illərdə ümumilikdə 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. Həmçinin, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan “yaşıl enerji zonası” elan edilib.
Paytaxt Bakıda isə nəqliyyat infrastrukturu mərhələli şəkildə yaşıl texnologiyalar əsasında yenilənir, elektrik avtobuslar istifadəyə verilir, 2040-cı ilə qədər metro və tramvay xətlərinin çəkilməsi nəzərdə tutulur. Bu layihələr həm şəhərin simasını dəyişəcək, həm də ekoloji vəziyyəti yaxşılaşdıracaq.
Jalə Raminqızı
newsbaku.az