“Hazırda ölkə üzrə müəllim çatışmazlığı problemi selektiv şəkildə, yəni konkret fənlər üzrə və əsasən regionlarda özünü daha qabarıq şəkildə göstərir”.
Bu barədə newsbaku.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli məlumat verib.
“Əldə olan məlumatlara və sahədən müşahidələrə əsasən, ən çox çatışmazlıq fizika, kimya, coğrafiya və xarici dil (xüsusilə ingilis dili) fənləri üzrə müşahidə olunur. Bu fənlərin tədrisi həm xüsusi ixtisaslaşma, həm də praktik bacarıq tələb etdiyindən, regionlarda bu sahələr üzrə kadr tapmaq daha çətinləşir. Bundan əlavə, təsviri incəsənət, texnologiya və musiqi kimi fənlər üzrə də müəllim qıtlığı müşahidə olunur. Əvəzində ibtidai sinif müəllimləri üzrə təklif daha çoxdur, bu isə ali məktəblərə qəbul zamanı abituriyentlərin daha çox bu sahəyə yönəlməsi ilə bağlıdır.
Region məktəblərində kadr çatışmazlığı səbəbilə bəzi hallarda fənlər ixtisası uyğun olmayan digər müəllimlər tərəfindən tədris edilir. Bu isə qanunvericiliyin tələblərinə tam uyğun deyil. Hər bir müəllim yalnız öz ixtisası üzrə dərs deməlidir. Əks təqdirdə, bu həm təhsilin keyfiyyətinə, həm də şagirdlərin imtahan nəticələrinə mənfi təsir göstərir. Təəssüf ki, bəzi hallarda məktəb rəhbərləri bu problemi “fövqəladə tədbir” kimi həll etməyə çalışır, lakin bu yanaşma sistemli təhsil üçün təhlükə yaradır.
Bu boşluqlar, xüsusilə buraxılış və qəbul imtahanlarında şagirdlərin nəticələrinə birbaşa təsir edir. Mövzuların səthi qavranması, müəllimin sahə üzrə dərindən hazırlıqlı olmaması, şagirdlərin dərsdə motivasiyasının azalması kimi problemlər müşahidə olunur. Uzunmüddətli nəticədə bu, şagirdlərin ali təhsil imkanlarını və karyera perspektivlərini də məhdudlaşdıra bilər.
Elm və Təhsil Nazirliyi bu istiqamətdə bir sıra tədbirlər görməkdədir. Regionlara təyinatla gedən müəllimlər üçün maliyyə stimulları, yaşayış şəraiti ilə bağlı güzəştlər nəzərdə tutulur. Müəllimlərin işə qəbulu prosesi daha şəffaf və vakant yerlərin ehtiyac əsasında optimallaşdırılması istiqamətində işlər aparılır. Eyni zamanda, gələcəkdə pedaqoji ixtisasların regionlar üzrə planlı yerləşdirilməsi və müəllim hazırlığında coğrafi balansın qorunması da bu problemin həllinə xidmət etməlidir.
Bu gün təhsildə keyfiyyətə nail olmaq üçün əsas şərtlərdən biri də hər sinifdə doğru ixtisaslaşmış müəllimin olmasıdır. Bu məsələnin sadəcə “kadr çatışmazlığı” kimi deyil, eyni zamanda şagirdlərin gələcəyinə təsir edən strateji bir problem kimi qiymətləndirilməsi vacibdir”, – deyə Əmrah Həsənli bildirib.
Rəşanə Quliyeva
newsbaku.az