Səudiyyə Ərəbistanı Suriyaya neft və elektrik enerjisi tədarük edəcək

image-ae8655ad-1979-466c-b2d5-e7d4ebb345d5_16x9_1200x676backend

Səudiyyə Ərəbistanı və Suriya enerji sektorunda əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

newsbaku.az-ın “İnterfaks”a istinadən xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, sənəd krallığın energetika naziri şahzadə Əbdüləziz bin Salmanla Suriyanın energetika naziri Məhəmməd Əl-Bəşir arasında Ər-Riyadda keçirilən görüşdən sonra imzalanıb.

Müqavilə neft və qaz, elektrik enerjisi, neft-kimya, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və telekommunikasiya kimi sahələri əhatə edir. Həmçinin enerji layihələrinin tənzimlənməsi və həyata keçirilməsi sahəsində investisiya imkanları və təcrübə mübadiləsi də müzakirə edilib.

Tərəflər müxtəlif enerji sektorlarında əməkdaşlıq imkanlarını və onların inkişaf etdirilməsi yollarını, o cümlədən neft və onun təchizatı, elektrik enerjisi, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi məsələlərini müzakirə ediblər.

ABŞ-nin Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, silahlı münaqişə zamanı Suriyanın neft-qaz infrastrukturu xeyli zərər çəkib. 2011-ci ilə qədər ölkədə gündə təxminən 400 min barel neft hasil edilirdi və karbohidrogenlər ixrac edilirdisə, son illərdə hasilat həcmi 10 dəfədən çox azalıb. Suriya əksər yanacaq növləri üzrə idxaldan asılı olaraq qalır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki