“Uşaqlar mükəmməl yox, xoşbəxt böyüməlidir” – Valideynlərə psixoloqdan xəbərdarlıq

image-whatsapp-image-2025-07-29-at-17-25-06-2backend

“Məktəbəqədər yaş dövrü uşaqlar üçün oynamaq, öz duyğularını kəşf etmək və həyatın addım-addım necə bir yol olduğunu anlamağa başladığı dövrdür. Təəssüf ki, bu incə və həssas mərhələdə valideynlərin və cəmiyyətin artan təzyiqləri uşaqlara mənfi təsir göstərir”.

Bu barədə psixoloq Nabat Mirzəyeva newsbaku.az-a açıqlamasında danışıb.

Onun sözlərinə görə, uşaqların üzərinə həddən artıq yüklənmək, daim “mükəmməl ol” mesajını vermək ciddi emosional və psixoloji nəticələrə səbəb ola bilər:

“Uşaqlar bu təzyiqlərlə mübarizə aparmağa çalışarkən içlərində qorxu formalaşır. Bacarmamaq qorxusu, uğursuzluq hissi, özünə güvənsizlik və mükəmməlliyyətçilik yaranır. Onlar artıq çox kiçik yaşlardan ‘əgər alınmazsa, mən nə edəcəm?’ düşüncəsi ilə yaşayırlar. Bu da öz növbəsində uşağın özünü uğursuz, dəyərsiz hiss etməsinə yol açır,” – deyə psixoloq bildirib.

Nabat Mirzəyeva vurğulayıb ki, valideynlərin öz həyata keçirə bilmədikləri arzularını övladlarının üzərinə yükləməsi yanlış yanaşmadır:

“Valideynlər ‘mən edə bilmədim, övladım etsin’ düşüncəsi ilə uşaqların üzərinə təzyiq qoyur. Bu da uşaqlarda aqressivlik, depressiya, sosial bacarıq çatışmazlığı, özünü ifadə edə bilməmə kimi problemlərə yol açır. Vaxt keçdikcə uşaq daha da özünə qapanır, emosional olaraq yorğun düşür.”

Psixoloqun sözlərinə görə, bu problemlərin qarşısını almağın yolu uşaqlara sərbəstlik vermək, onların uşaq olduqlarını unutmamaq və kifayət qədər oyun, istirahət vaxtı ayırmaqdır:

“Valideynlər çox sərt strukturlu və qaydalı yanaşmamalı, övladlarına özlərini kəşf etməyə, oyunlar oynamağa imkan verməlidir. Uşağın maraqlarını, emosiyalarını dinləmək və diqqət göstərmək vacibdir.”

Nabat Mirzəyeva valideynlərə çağırış edir ki, uşaqların psixoloji sağlamlığı üçün onların sadəcə dərs və tapşırıqlarla deyil, həm də sevinclə, oyunla dolu bir uşaqlıq yaşamalarına şərait yaratsınlar.

Rəşanə Quliyeva 

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki