150 illik yol – bir qəzetdən bir xalqa…

image-ekinci-1backend

22 iyul, 1875 və 22 iyul 2025. Bəli, bu gün mediamız 150 yaşındadır. Məhz Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşrinə başlaması və sonrasında gedən proseslər Azərbaycan jurnalistikasının incisidir. Zərdabi öz qəzetində ictimai-siyasi proseslərdən uzaq durmaq görüntüsü yaratmaq üçün adını məhz “Əkinçi” qoyaraq, qəzetdə sadəcə təsərrüfat və əkin-biçin işlərindən bəhs ediləcəyini elan etmişdi. Ancaq, təbii ki xalqı maraqlandıran əsas mətləblərə toxunmadan keçə bilməzdi. “Əkinçi” qadın azadlığı, qadın təhsili, yeni məktəblərin açılması zərurəti ilə yanaşı, mövhumat və xurafata qarşı da mübarizə aparırdı. Ona görə də 2 il aradan sonra fəaliyyətinə son qoyuldu.
Azərbaycandilli mətbuat orqanları sonrakı əsrdə də öz fəaliyyətinə davam etdi. “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Açıq Söz” və Cümhuriyyətin əsas qəzeti olan “Azərbaycan” qəzeti. “Molla Nəsrəddin” və “Füyuzat” məcmuələri isə ən məşhur jurnalllar idi.
Azərbaycan mətbuatı hər bir zaman tarixiliyi və müxtəlifliyi ilə seçilmişdir. Bu müxtəliflikdə Əlimərdan bəy Topçubaşinin yazılarını, Əli bəy Hüseynzadənin ideoloji baxışlarını və Məhəmməd Əmin Rəsulzadənin jurnalistika sahəsində olan xidmətlərini deməliyik. Rəsulzadənin İranda Avropa tipli jurnalistikanın əsasını qoyması və ölkəmizdə 20 əsrin əvvəllərindən mətbuat orqanları formalaşdırması da mediamızın təməlləridir.
Sovet dövrü xalqımızın tarixi və reallığıdır. Sovet dövründə sovet sisteminə mədhiyyə yağdıran, paraleldə isə bu rejimlə barışmayan ziyalılarımız da var idi. Müasir Azərbaycan mediası isə öz dövründə bir çox ilklərə imza atmışdır. 1998-ci ildə Heydər Əliyev tərəfindən Mətbuat üzərindən senzuranın götürülməsi, o cümlədən 12 yanvar, 2021-ci ildə prezident İlham Əliyevin fərmanı ilə Medianın inkişafı Agentliyinin yaradılmasını nümunə göstərə bilərik. 2013-2021-ci illər aralığında keçirilən 7 “Qlobal Bakı Forumu”, “Şuşa Qlobal Media Forumları” və.s. Bu forumların keçirilməsi məqsədi qlobal çağırışlar (sülh, təhlükəsizlik, enerji, iqlim) və informasiya sahəsində təhlükəsizliyin təmin olunmasını əsas götürürdü. Mediamız öz fəaliyyətinin kulminasiya nöqtələrindən birinə 2020-ci il – Vətən müharibəsi dövründə çatmışdır. Arxa cəbhədə aparılan informasiya müharibəsi dövlətin tətbiq etdiyi siyasi xəttə uyğunlaşıb, haqq səsimizi beynəlxalq arenada əks etdirirdi.

Paşa Nuru

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki