newsbaku.az xəbər verir ki, ABŞ Qida və Dərman Administrasiyasının (FDA) keçmiş rəhbəri Dr. David Kessler Tramp administrasiyasının “Make America Healthy Again” (“Amerikanı yenidən sağlam et”) strategiyasına sadiqliyini sınamaq üçün mühüm addım atıb.
Çərşənbə günü təqdim etdiyi rəsmi petisiyada Kessler bildirib ki, FDA-nın şirinləşdiricilər, rafinə olunmuş un növləri və bəzi qida əlavələrinin “ümumiyyətlə təhlükəsiz” (GRAS) statusunu ləğv etmək səlahiyyəti var. Bu statusun götürülməsi ultra-emal olunmuş qidaların istehsalçılarını həmin məhsulları bazardan çıxarmağa, reseptləri yenidən hazırlamağa və ya həmin maddələrin zərərsiz olduğunu sübut etməyə məcbur edəcək.
Bu dəyişiklik qida sənayesində geniş miqyaslı islahat deməkdir və Tramp administrasiyasının MAHA siyasətində ciddi dönüş yarada bilər.
Hazırda ABŞ Səhiyyə və İnsan Xidmətləri naziri Robert F. Kennedy Jr. əsasən tanınmış brendlərin öz məhsullarından süni boyalar və digər əlavələri könüllü şəkildə çıxarmasına ümid edir.
Jalə Raminqızı
newsbaku.az