“Boşanan gəlir psixoloq olur, cəmiyyəti ‘müalicə edir’’– ekspertdən sərt etiraz

image-whatsapp-image-2025-08-06-at-18-28-29backend

“Boşanır, gəlir psixoloq olur. Bu cümlə son dövrlər cəmiyyətin dilində zərb-məsələ çevrilib. İnsanların şəxsi travmalarından çıxış yolu axtararaq psixologiya sahəsinə yönəlməsi, əslində baş verənlərin göründüyündən daha ciddi və təhlükəli tərəfinə işarə edir. Məsələ təkcə kiminsə boşanması və ya ağır emosional dövrlərdən keçməsi deyil. Məsələ bu yaşantıların “təcrübə” adı ilə başqalarına ötürülməsi və nəticədə psixoloji yardım anlayışının gözdən salınmasıdır.”

Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “newsbaku.az”a bildirib.

“Cəmiyyətin psixoloji yardıma ehtiyacı olduğu inkarolunmazdır. Yaşadığımız dövr sürətlidir, stresslidir, təzyiqlərlə doludur. Lakin bu ehtiyacın düzgün qarşılanması üçün sağlam, elmi əsaslara söykənmiş və peşəkar dəstəyə ehtiyac var. Təəssüf ki, bu ehtiyacdan istifadə edənlər, psixoloq adı ilə fəaliyyət göstərən, amma heç bir akademik təhsili və etik məsuliyyəti olmayan şəxslər günbəgün artır. Sosial şəbəkələrdə özünü “psixoloji mentor”, “qadın psixoloqu”, “toxunulmaz güc mənbəyi” kimi təqdim edən, real həyatdakı şəxsi uğursuzluqlarını motivasiya adı ilə paketləyən bu şəxslər, sonda cəmiyyətin düşüncə sisteminə zərbə vurur. Bəli, bir müddət sonra insanlar psixologiya deyilən anlayışa belə şübhə ilə yanaşmağa başlayır. Bu isə təhlükəli bir tənəzzülün başlanğıcıdır.”

“Ərindən boşanmış, həyatında ciddi emosional zərbələr almış biri heç bir universitet təhsili, klinik təcrübəsi olmadan başqalarının həyatına “toxunmağa” başlayır. Müalicə etmir, istiqamətləndirmir, sadəcə öz yaşam tərzini normallaşdırıb onu digərlərinə ötürür. Bu da cəmiyyətin ailə institutuna, qadın-kişi münasibətlərinə, valideyn-övlad təməllərinə təsirsiz ötüşmür. İnsanlar münasibətlərini qorumaq, sağlam psixoloji zəmində həll yolları tapmaq əvəzinə, radikal seçimlərə yönəlir. Çünki “psixoloq” belə deyib. Halbuki bu “psixoloqun” tək referansı keçmiş həyat yoldaşı ilə yaşadığı travmadır.”

Psixologiya elmdir. Bilik tələb edir, illərlə davam edən təhsil, müşahidə, praktik təcrübə və etik öhdəliklər tələb edir. Şəxsi ağrıları olan hər kəs psixoloq ola bilməz. Travmadan çıxan insan yazıçı ola bilər, motivasiyaçı ola bilər, təlimçi ola bilər, amma terapevt ola bilməz. Çünki travmanı müalicə edən insanın özü hələ müalicə olunmayıbsa, o heç kimi sağalda bilməz – sadəcə zənciri genişləndirər.”

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli onu da qeyd edib ki:

“Cəmiyyətdə psixoloqlara olan inam bu gün ciddi şəkildə sarsılıb. Bunun əsas səbəbi həqiqi peşəkarlarla, şəxsi yaşam təcrübəsini elm zənn edənləri ayırd edə bilməməyimizdir. Bəzən insanların ağrısını dinləmək, onları manipulyasiya etmək üçün kifayət edir. Onların zəif nöqtəsinə toxunmaq, ağrını sözə çevirib qarşılığında reytinq, pul, “follower” qazanmaq üçün bəzi “psixoloqlar” üçün kifayətdir.”

Təhsil ekspertinə “nə üçün belə düşünürsüz?” sualına gəldikdə isə:

“Bu yazının məqsədi boşanmış qadınlara və ya travma keçirmiş insanlara qarşı nifrət yaratmaq deyil. Əksinə, bu şəxslər də dəstəyə və şəfqətə layiqdir. Amma cəmiyyətin psixoloji sağlamlığı kiminsə şəxsi reabilitasiya prosesinə qurban verilməməlidir. Bu gün peşəkar psixoloqlarla qeyri-peşəkar “şəxsi bloqqer psixoloq” anlayışını bir-birindən sərt şəkildə ayırmaq və hüquqi şəkildə tənzimləmək lazımdır. Psixologiya bazar deyil, insan ruhu isə eksperiment deyil.”

“Əgər bu tendensiya bu şəkildə davam edərsə, sabah cəmiyyətin psixoloji sabitliyi üçün həqiqi təhlükələr ortaya çıxacaq. İnsanlar yanlış istiqamət, yanlış “yardım” nəticəsində depressiyaya sürüklənəcək, ailələr dağılacaq, fərdi seçimlər cəmiyyətin ümumi tarazlığını pozacaq. Ona görə də bu gün susmaq yox, danışmaq zamanıdır.”

“Çünki cəmiyyət “müalicə olunmur”. Sadəcə psixoloji sömürü ilə zəhərlənir”, – deyə sonda qeyd olunub.

Rəşanə İsamqızı

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki