Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 10 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, paytaxtdakı 313 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, əsas korpusun əsaslı təmiri, 57, 68, 141, 151 nömrəli məktəblərin sökülərək yenidən inşası, 59 və 324 nömrəli məktəblərin, 328 nömrəli uşaq bağçasının, Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasının, həmçinin “Şahin Abbasov” adına körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam edir.
Eyni zamanda, ehtiyac duyulan 100-ə yaxın təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən cavab olaraq bildirilib ki, əsaslı təmir və tikinti işləri ilə bağlı paytaxtın müxtəlif rayonlarında yerləşən yeddi təhsil müəssisəsi digər təhsil müəssisələrinin tədris binalarında fəaliyyətini davam edir:
“57 nömrəli tam orta məktəb müvəqqəti olaraq 178 və 291, 59 nömrəli tam orta məktəb 116 və 194, 151 nömrəli tam orta məktəb 35, 141 nömrəli tam orta məktəb 104 və 146, 68 nömrəli tam orta məktəb 215 və 90, 324 nömrəli məktəb isə 241 nömrəli tam orta məktəbin tədris binasında, həmçinin eşitmə məhdudiyyətli uşaqlar üçün ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası 162 nömrəli körpələr evi-uşaq bağçasında fəaliyyət göstərir”.
Təhsil müəssisələrində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.
Bildirilib ki, əsaslı təmir və yenidənqurma davamlı xarakter daşıyır, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
newsbaku.az