Hikmət Babaoğlu: “Rusiya Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməkdən çəkinir”

image-izobrazhenie_2025-08-12_114122584backend

“Rusiyanın son dövrlərdə Azərbaycana qarşı nümayiş etdirdiyi mövqe nə siyasi məntiq, nə də qonşuluq münasibətləri ilə izah oluna biləcək hadisədir. Belə olan halda, bunu yalnız Rusiyanın imperialist mövqeyi ilə izah etmək mümkündür. Çox təəssüf ki, Rusiya hələ də Azərbaycanı bərabərhüquqlu, müstəqil aktor kimi qəbul etmir, onun milli iradəsini tanımaq istəmir, eləcə də Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməkdən çəkinir”.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Rusiyadan fərqli olaraq münasibətlərdə adekvat tərəfdaşlıq modeli qurub:

“Ölkəmiz Rusiyanı həm qonşu, həm də 2022-ci il fevralın 22-də imzalanmış Moskva Bəyannaməsinə uyğun olaraq, hüquqi-siyasi tərəfdaş kimi qəbul edir. Moskva isə bütün bunları nəzərə almadan Azərbaycana qarşı aqressiv münasibət və davranış sərgiləyir: Azərbaycanın təyyarəsini vurur, bunu etiraf etmir, azərbaycanlılara qarşı zorakılıq tətbiq edir və bunu “hüquq” adı altında əsaslandırmağa çalışır.

Bununla da kifayətlənməyən Rusiya Azərbaycanın üçüncü ölkələrlə münasibətlərinə də müdaxilə edir. Məsələn, Azərbaycan-Ukrayna əlaqələrində atılan qarşılıqlı tərəfdaşlıq və humanitar addımlar Rusiya tərəfindən mənfi qarşılanır”.

H.Babaoğlunun sözlərinə görə, bütün bunlar böyük dövlət davranışı deyil, birbaşa aqressiyadır:

“Rusiya anlamalıdır ki, Azərbaycan milli maraqlarından çıxış edir və digər dövlətlərlə münasibətlərində heç bir ölkəyə hesabat vermək məcburiyyətində deyil. Azərbaycanın müstəqillik əldə etməsindən sonra 30 il ərzində ərazilərinin işğal altında qalması, Xocalı soyqırımı, torpaqlarımızın uzun müddət azad edilməməsi birbaşa Rusiyanın hərbi-siyasi qərarları və fəaliyyətləri ilə bağlıdır”.

H.Babaoğlu qeyd edib ki, biz beynəlxalq hüquqa əsaslanaraq öz maraqlarımızı təmin edirik, Qafqazda Azərbaycana təzyiq mexanizmlərini itirmiş Rusiya isə belə cəhdlərlə yalnız vəziyyətini çətinləşdirir:

“Halbuki Moskva Bəyannaməsində hər iki tərəf öhdəlik götürüb ki, bir-birinə qarşı bərabərhüquqlu tərəfdaş kimi davranacaq və daxili işlərinə qarışmayacaq. Rusiya bu gün Ukrayna ilə müharibə aparır, Azərbaycan isə humanist dəyərlərə və beynəlxalq hüquqa əsaslanaraq müharibənin yaratdığı humanitar böhranı aradan qaldırmaq üçün tədbirlər görür. Biz Ukraynanın enerji sektorunun bərpasına və insanların humanitar məsələlərdən faydalanmasına yönəlmiş addımlar atırıq, lakin Rusiya bu niyyətlərimizi belə hədəfə alır. Bu isə böyük dövlətə yaraşmayan davranışdır və nəticədə Rusiyanın beynəlxalq münasibətlər sistemində təcrid olunmasına gətirib çıxarır.

Rusiya bu gün əksər ölkələri düşmən kimi görür, postsovet məkanında nüfuzu azalır, dünyada isə atdığı addımlar ona daha çox düşmən qazandırır. Bu vəziyyətin həm də tarixi kökləri var: əgər Rusiya-Azərbaycan münasibətlərinə tarixi kontekstdən baxsaq, görərik ki, bunun kökü 1828-ci ilə – Azərbaycanın parçalanmasına gedib çıxır. Bu gün 50 milyonluq xalqın hələ də birləşə bilməməsi, xanlıqlarımızın bir-bir işğalı, o cümlədən İrəvan xanlığının ələ keçirilməsi birbaşa çar Rusiyasının siyasətinin nəticəsidir. Sovet dövründə Azərbaycan torpaqlarının bölünməsi və Qarabağ probleminin yaradılması da Rusiyanın fəaliyyəti ilə bağlıdır. Müstəqillik əldə etdikdən sonra ərazilərimizin 20 faizinin işğal altında qalması, 44 günlük Vətən müharibəsində zəfərin tam təmin olunmaması da Rusiyanın təsiri ilə baş verib.

Nəhayət, Rusiya, Fransa və digər güc mərkəzlərinin təzyiqlərinə baxmayaraq, bizə qarşı edilmiş ədalətsizliyin bir qismini bərpa etmişik. Rusiya və digər qonşu ölkələr bu reallığı qəbul etməlidirlər. Bu gerçəklik nə qədər tez dərk edilərsə, Rusiya-Azərbaycan münasibətləri də bir o qədər tez normallaşa bilər. Bu isə indiki tarixi mərhələdə həm Azərbaycanın, həm də Rusiyanın mənafeyinə uyğun olacaq”, – deyə Hikmət Babaoğlu fikirlərini yekunlaşdırıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki