“Sülh Sazişin paraflanmış mətni prinsipial mövqenin və diplomatik qalibiyyətin təcəssümüdür”

image-whatsapp-image-2025-08-12-at-12-44-23backend

8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində, Prezident Donald Trampın vasitəçiliyi ilə Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanan üçtərəfli bəyanat Cənubi Qafqaz regionunun geosiyasi və geostrateji vəziyyətini əsaslı şəkildə dəyişdirdi.

1988-ci ildən başlayan “erməni miatsum”-u Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə müharibə fazasına keçərək, təxminən 35 il ərzində Azərbaycan və Ermənistan arasında davam edən münaqişəyə çevrilmişdi. İki böyük müharibədən sonra ilk dəfədir ki, tərəflər sülhə bu qədər yaxınlaşır.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Üzeyir Mustafayev newsbaku.az-a məlumat verib ki;

“İkinci Qarabağ müharibəsi olmasaydı, bugün sülhdən danışa bilməzdik. Ali Baş Komandan İlham Əliyev, Azərbaycan ordusu və xalqı 44 gün ərzində bir yumruğa çevrilərək torpaqları işğaldan azad etdi”.

44 günlük müharibə dövründə həm daxili, həm də beynəlxalq təzyiqlərə, dezinformasiya kampaniyalarına baxmayaraq, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində maneələr aradan qaldırıldı.

Sülh Sazişinin Paraflanması və Əhəmiyyəti haqda;

ABŞ vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanatdan sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin” paraflanmış mətni ictimaiyyətə təqdim edildi. Bu, sülh müqaviləsinin əsas müddəalarının tam qəbul edildiyini göstərir.

Üzeyir Mustafayev bildirir ki,

“Birinci maddəyə əsasən, tərəflər sülh müqaviləsinin yekun mətnini tam qəbul edir və bundan sonra yalnız imzalanma tarixi və məkanı ilə bağlı məqamlar qalır.”
“Paraflanmadan sonra mətnə heç bir dəyişiklik edilə bilməz, bu da Azərbaycanın diplomatik qalibiyyətidir”.

Sazişin Əsas Maddələri və Qarşılıqlı Etimadın Formalaşması haqda siyasətçi qetd edir ki;

Azərbaycan və Ermənistan bir-birinə qarşı ərazi iddialarından imtina edir:

“II maddədə açıq şəkildə bildirilib ki, indi və gələcəkdə hər hansı ərazi iddiaları olmayacaq”.

Sərhədlərin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, terrorizm və separatizmə qarşı birgə mübarizə kimi vacib məsələlər Sazişdə yer alır.

Qarşılıqlı etimadın gücləndirilməsi həlli üçün:

“VII maddəyə əsasən tərəflər sərhədlərdə üçüncü tərəflərin hərbi qüvvələrinin yerləşdirilməsinə imkan verməyəcək”.
Bu, uzunmüddətli gərginliyə səbəb olan “binokl diplomatiyası”nın sonu deməkdir.

Beynəlxalq və daxili hüququn üstünlüyü haqda siyasi elmlər üzrə fəlsəfə doktoru Üzeyir Mustafayev qeyd edir ki;

“XI maddəyə əsasən, tərəflər digər beynəlxalq razılaşmaların sülh müqaviləsinin öhdəliklərinə xələl gətirməməsini təmin edəcəklər.”
“XII maddə isə bildirir ki, daxili qanunvericilik sülh müqaviləsinə üstünlük verməlidir və müqavilənin icrasından imtina üçün əsas ola bilməz”.

İkitərəfli komissiyanın yaradılması və mübahisələrin sülh yolu ilə həlli:

“XIII və XIV maddələrdə Sazişin icrasına nəzarət və mübahisələrin həlli mexanizmləri göstərilir”.

Sazişin qüvvəyə minməsi üçün daxili prosedurların tamamlanması vacibdir:

“XVI maddəyə əsasən, Saziş tərəflərin milli qanunvericiliklərinə uyğun prosedurların tamamlanmasından sonra qüvvəyə minəcək və BMT-də qeydiyyata alınacaq”.

Prezident İlham Əliyev açıqlamasında bildirib ki,
“Ermənistanın Konstitusiyasında olan ərazi iddialarının aradan qaldırılması üçün dəyişikliklər edilməlidir ki, sülh sazişi imzalansın”.

Sonda, Üzeyir Mustafayev vurğulayır ki,

“Bu Saziş Azərbaycan Respublikasının diplomatik uğurudur və dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcını qoyur”.
“Prezident İlham Əliyevin prinsipial mövqeyi və qətiyyəti sayəsində ATƏT-in Minsk Qrupunun fəaliyyəti dayandırıldı və Ermənistan sülh müqaviləsi imzalamaqla konstitusiyasını dəyişməyi öhdəsinə götürdü”.

Bu sülh sazişi həm Azərbaycan, həm də Cənubi Qafqaz regionu üçün uzunmüddətli sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına əsas yaradır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki