Rusdilli məktəblər bağlanmalıdır?

image-whatsapp-sekil-2025-08-11-saat-14-42-32_e27c2a5bbackend

Ölkə gündəmində vaxtaşırı müzakirə olunan, xüsusən də, son aylarda ölkə gündəmini zəbt edən Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsindən sonra bir çox insan, bir növ etiraz əlaməti olaraq rusdilli məktəblərə ehtiyac olmadığını və bu məktəblərin bağlanması ilə bağlı fikirlər söylədi.

Rusdilli məktəblər, rus dilində tədris, illərdir Azərbaycan təhsil sisteminin reallığıdır. Tək orta məktəblərdə deyil, bakalavr təhsili zamanı da rusdilli bölmələr fəaliyyət göstərir. Təbii ki, rusdilli təhsildə sadəcə dil fərqi mövcuddur, burada da eyni təhsil sistemi tətbiq olunur. Bu, alternativlik və fərqli dil bazası deməkdir.

Bəs, görəsən rusdilli məktəblər bizim düşüncə anlayışımıza, dəyərlərimizə ziddirmi? Rusdilli tədrisin fəaliyyəti dayandırılmalıdırmı?

Mövzu ilə bağlı newsbaku.az-a açıqlama verən Məzahir Məmmədli bildirib ki: “Azərbaycanda fəaliyyət göstərən 340 rus bölməsi məktəb var. Bunlardan cəmi 14-ü birbaşa rus dilində fəaliyyət göstərən məktəblərdir. Ölkədə son vaxtlarda Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsini əsas gətirib deyənlər var ki, rus məktəbləri bağlanmalıdır. Amma, bunun siyasi məsələlərlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, ölkədə rus dilində fənn müəllimləri artıq yoxdur, yəni 5-ci sinifdən sonra bütün rusdilli məktəblər əziyyət çəkirlər. Tədris edə biləcək fənn müəllimləri olmadığına görə artıq rus bölmələrində tədricən zəifləmə başlayıb. Proqnozum budur ki, yaxın 4-5 il ərzində, ölkədə rus məktəbləri fəaliyyət göstərə bilməyəcək. İkinci məsələ isə ondan ibarətdir ki, bu gün azərbaycanlıların kompakt yaşadığı, Gürcüstanın Bolnisi və Dmanisi kimi şəhərlərində, azərbaycan dilində tədris keçən uşaqlar var. Borcu olmadığı halda, Azərbaycan dövləti orada təhsil alan uşaqları vaxtaşırı vəsaitlərlə, lazımi avadanlıqlarla təmin edir. Qəribədir ki, Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblərə Rusiya dövlətinin büdcəsindən vəsait ayrılmır. Bunun nəticəsidir ki, yeni müəllimlər yetişmir. Azərbaycan Respublikasının Konstitusion hüququnda da öhdəliklər yoxdur ki, rus bölmələri ilə bağlı xüsusi vəsaitlər hazırlasın və.s. Mənzərə budur. Azərbaycanda rusdilli məktəblərin kütləvi şəkildə sıradan çıxması siyasi əlaqələrlə, münasibətlərin gərginləşməsi ilə bağlı deyil. Sadəcə olaraq, kadr çatışmazlığı ilə bağlıdır ki, rus dilində 5-ci sinifdən yuxarı fənn müəllimləri demək olar ki yoxdur.

Paşa Nuru

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki