Ali təhsil müddəti 4 ildən 3 ilə endirilə bilərmi?

image-whatsapp-sekil-2025-08-11-saat-16-21-50_4faeed06backend

Ali təhsilin müddətinin aşağı salınması ilə bağlı təkliflər mövcuddur. Xüsusən də bəzi humanitar yönümlü ixtisaslarda bu proses, daha məqsədəuyğundur.

Bəzi təhsil ekspertlərinin və tələbələrin fikrincə, təhsil müddətinin aşağı salınması çox uğurlu ola bilər. Bu, həmin tələbənin praktik mühitə daha tez uyğunlaşmasını və karyera imkanlarını başqa bir mərhələyə daşıya bilər.

Bir çox insana görə 4 illik təhsil əlavə vaxt itkisidir və bu bir çox maneələrə səbəb olur. Görəsən, ali təhsil müddətinin azaldılması ilə bağlı tədris proqramı hazırlanmalıdırmı?

Mövzu ilə bağlı newsbaku.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov bildirib ki: “Tədris müddətinin azaldılması ilə bağlı müəyyən müzakirələr gedir. Dünyanın müxtəlif ölkələrində, xüsusilə, qabaqcıl universitetlərdə, bəzi ixtisaslarda bakalavr təhsil müddəti 3 ildir. Amma bunu da qeyd etmək lazımdır ki, təhsil müddəti 3 il olan ixtisaslara qəbul, 12 illik orta təhsil müddəti sonrası olur. Ona görə bu yanlış anlaşılmamalıdır. Qərbdə, Amerikada və Avropanın bir çox ölkəsində orta təhsil müddəti 12 ildir. 12 illik məzunlar birbaşa 2-ci kursa müraciət edir və 4 illik proqramı 3 ilə bitirir. Müəyyən ixtisaslarda 4 illik proqram 3 ilə endirilə bilər. Amma dəqiq elmlərdə və tibbdə tədris müddətinin qısaldılması düşünürəm ki, doğru olmaz. Çünki, ali təhsildə, bakalavr və magistr sisteminin müəyyən bir standartı var. Bu standarta hər il müəyyən kreditdə dərslər götürülür və buna Avropa İttifaqı ölkələrinin əksəriyyəti də qoşulur. Boloniya sistemində nəzərdə tutulmuş proqramlar var. Bu proqramlarda məzun olduqdan sonra bakalavr diplomu verilir. Qeyd etdiyim kimi, müəyyən spesifik fənnlər saxlanılaraq bəzi seçməli fənlərdə o kredit həcmi azaldıla bilər və yük artırıla bilər. Azərbaycanda da Elm və Təhsil Nazirliyində zaman-zaman bu istiqamətdə çıxışlar olur. Müəyyən ictimai və humanitar ixtisaslar var ki, onları 3 ildə təqdim etmək mümkündür. Hazırda mövcud təhsil qanununa görə bu imkansızdır. Milli Məclisdə müzakirə olunan ali təhsil haqqında qanun layihəsində bu nəzərdə tutulub. Bəzi ixtisaslarda filologiya, iqtisadiyyat sahəsində bu mümkün ola bilər, artıq sürət əsridir, məzunların tez bir zamanda iş mühitinə qoşulması üçün düşünürəm ki faydalı ola bilər”.

Paşa Nuru

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki