22 iyul Azərbaycan tarixində əlamətdar günlərdən biridir. 150 il əvvəl Milli Mətbuatımızın təməlini qoyan Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzetinin işıq üzü görməsi təkcə söz deyil, düşüncə azadlığının da toxumlarını səpdi.
Sonrakı illərdə Azərbaycan mətbuatı müxtəlif siyasi rejimlərin təsiri altında fəaliyyət göstərdi. Çar Rusiyası dövründə senzura məhdudiyyətlərinə, Sovet İttifaqı dönəmində isə ciddi ideoloji nəzarətə baxmayaraq, Azərbaycan mətbuatı xalqın səsinə çevrilə bildi.
Ölkə mətbuatının inkişafında “Molla Nəsrəddin” jurnalının xüsusi rolu var. 20-ci əsr Azərbaycan xalqının inkişafdan və təhsildən geri qalmasının səbəblərini satirik dillə göstərən məhz bu jurnal idi.
Cəlil Məmmədquluzadə və onun qələm yoldaşları bu jurnalı nəşr etmək üçün bir sıra çətinliklərlə üzləşmiş, xüsusilə də ikiüzlü din xadimlərinin kəskin tənqidlərinə məruz qalsalar da “Molla Nəsrəddin” cəmiyyətin əsas problemlərinə işıq tutumuşdur. Bu isə onu dövrünün ən güclü və cəsarətli mətbuat nümunəsi edir.
Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində vuruşan bir gücə çevrildi. Müxbirlər cəbhə xəttindən birbaşa reportajlar təqdim etdi, rəsmi media kanalları və sosial platformalar vasitəsilə dünya ictimaiyyətinə doğru və operativ məlumatlar çatdırıldı. Prezident İlham Əliyevin yerli və xarici mediaya verdiyi müsahibələr isə Azərbaycanın haqq səsini beynəlxalq aləmə duyurdu. Dezinformasiyaya qarşı mübarizədə medianın çevikliyi və peşəkarlığı ölkənin informasiya təhlükəsizliyində mühüm rol oynadı.
Vətən müharibəsindən sonrakı dövrdə isə Şuşa – Xankəndi yolunda ekoloji aksiya keçirildi. 24 saat davam edən canlı yayım ilə dünya tarixində ən uzunmüddətli vətəndaş etirazlarından biri kimi tarixə düşdü. Bu öz növbəsində Azərbaycanın şəffaf mövqeyini və informasiya sahəsində üstünlüyünü bir daha sübut etdi. Canlı görüntülər yalan xəbərlərə tutarlı cavab, gerçəkliyin vizual sübutu oldu.
Bu gün isə Azərbaycan mediası artıq yalnız milli sərhədlər çərçivəsində deyil, beynəlxalq informasiya məkanında da fəal iştirak edir. Məhz bu baxımdan, 2025-ci ildə keçirilən Şuşa Global Media Forumu, bu inkişafın və milli medianın beynəlxalqlaşmasının nəticəsidir. 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin media mütəxəssisləri, jurnalistlər və ictimai xadimlərin toplaşdığı bu formda Azərbaycanın informasiya sahəsində oynadığı strateji rolu bir daha nümayiş etdirdi.
Forumun Şuşada keçirilməsi isə təsadüfi deyildi. Qarabağ Zəfərindən sonra Şuşa təkcə mədəniyyətin deyil, həm də milli ruhun, suverenliyin və azad fikrin simvoluna çevrildi.
Şuşa Media Forumu həm də göstərdi ki, müasir Azərbaycan jurnalistikası artıq yalnız daxili auditoriyaya yox, beynəlxalq informasiya mühitinə də xitab edir. Bu isə milli mətbuatın gələcəyinə yeni bir baxış bucağı qazandırır. Azərbaycanın səsi dünyada eşidilirsə, bu, həm peşəkar jurnalistlərin fədakarlığının, həm də dövlətin informasiya siyasətinin uğurunun nəticəsidir.
Bu əlamətdar gündə Azərbaycan mətbuatının inkişafında əvəzsiz xidmətləri olmuş qələm sahiblərini, maarifçi ziyalıları və jurnalistikanın peşə kimi formalaşmasında rolu olan şəxsiyyətləri – Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli, Mirzə Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Əhməd bəy Ağaoğlu və digər böyük ziyalılarımızı dərin ehtiramla yad edirik.
Onların yolu ilə getmək, bu müqəddəs missiyanı davam etdirməkdən qürur duyuruq.
Aynur Abdullayeva
newsbaku.az