İyulun 19-21-də Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu yalnız informasiya texnologiyalarının deyil, həm də Azərbaycanın çağdaş dünyaya təqdim etdiyi geosiyasi baxış bucağının parlaq nümunəsidir. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən forum 52 ölkədən 140-dan çox iştirakçını bir araya gətirməklə Azərbaycanın texnologiya, diplomatiya və strateji mesajlar sahəsində yüksələn rolunu bir daha göstərdi. Forumda media savadlılığı, informasiya təhlükəsizliyi, süni intellektin medianın dayanıqlılığına təsiri, dezinformasiyaya qarşı strategiyalar kimi mühüm mövzular müzakirə edildi. Mühüm məqamlardan biri də Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları oldu. Dövlət başçısı bildirdi ki, biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk:
“Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini, demək olar, başa çatdırırıq. Yəqin ki, bir ildən az müddətdə, bəlkə də, gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi tikilmiş olacaq”.
Zəngəzur dəhlizinin reallaşması mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacaq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə – Rusiyadan, Azərbaycandan İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələri vasitəsilə İrana, oradan da Türkiyəyə. Bu, yük axınının həcminin artırılması üçün böyük perspektivlər açır”, – deyə dövlət başçısı qeyd edib.
Milli Məclisin deputatı Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi zaman məsələsidir:
“Təbii ki, Zəngəzur dəhlizi birmənalı şəkildə istifadəyə veriləcək. İqtisadi təhlillər də göstərir ki, Zəngəzur dəhlizi bütövlükdə regionun inkişafı üçün vacibdir. Bu baxımdan, Ermənistan da iqtisadiyyatının qısamüddətli deyil, daha orta və uzunmüddətli dövrdə inkişafında maraqlıdırsa, dəhlizin rasional olaraq daha tez açılmasına səy göstərməlidir. Regional olaraq Zəngəzur dəhlizi Qafqaz üçün həm də dayanıqlı sülh və stabilliyin əsasını qoya bilər. Çünki kommunikasiyanın açılması, o cümlədən Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm də əməkdaşlıq üçün yeni imkanlar deməkdir”.
“Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının quru nəqliyyat vasitəsilə birləşməsinə imkan verəcək. Dəhliz türk dünyasını birləşdirən bir yol olacaq. Bütün bunlarla yanaşı, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm də region ölkələri üçün faydalıdır. İqtisadi qiymətləndirmələr də göstərir ki, region ölkələri də Zəngəzur dəhlizinin istifadəyə verilməsindən dividend əldə edəcəklər. Ona görə regionda maraqlı olan ölkələr də bu dəhlizin daha qısa zamanda istifadəyə verilməsini təşviq etməlidirlər. Bu istiqamətdə maneələr yaratmaq deyil, dəstək nümayiş etdirmək prinsipinə üstünlük verməlidirlər”, – deputat vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Şimal-Cənub nəqliyyat marşrutunun genişləndirilməsinə imkan verəcək:
“Çünki nəticə etibarilə Şimal-Cənub nəqliyyat dəhlizi şimaldan başlayaraq cənuba – Hindistana qədər yüklərin daşınmasını özündə ehtiva edir. Amma eyni zamanda, artıq həmin nəqliyyat dəhlizi Zəngəzur dəhlizi vasitəsilə həm də Türkiyə və Avropaya genişlənmiş olacaq. Bu da təbii ki, Şimal-Cənub nəqliyyat dəhlizinin həm ötürmə imkanlarının, həm də bütövlükdə yükdaşıma tutumunun daha da artmasına şərait yaradacaq. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, məhz qlobal forumda qeyd olunduğu kimi, regional layihələrin daha da genişlənməsinə, region ölkələrinin bu imkandan daha sıx şəkildə faydalanmasına gətirib çıxaracaq”.