Avropanın aparıcı dövlətlərinin rəhbərləri, NATO və Avropa Komissiyasının yüksəksəviyyəli nümayəndələri sentyabrın 4-də Parisdə Ukrayna-Rusiya münaqişəsinin mümkün həlli yollarını müzakirə edəcəklər. Qərb mətbuatının diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Parisdə baş tutacaq toplantıda Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts, NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak edəcəklər. Maraqlı məqam isə odur ki, hətta Rusiya və Ukrayna liderlərinin də bu görüş çərçivəsində bir araya gələ biləcəkləri barədə ehtimallar səsləndirilir.
Bəs bu görüş nə qədər realdır və baş tutarsa, atəşkəs və ya sülh üçün hansı rol oynaya bilər?
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, mövzunu şərh edən politoloq Kazım Kazımovun sözlərinə görə, Avropa mətbuatının görüşün Avropa ölkələrində olmasına işarə etməsinin əsas səbəbi Rusiya-Ukrayna müharibəsi ilə bağlı Avropa ilə ABŞ arasında fikir ayrılığının olmasıdır:
“Avropa bu məsələyə ABŞ-dən, ən azından, Tramp administrasiyasından daha ehtiyatlı yanaşır. Onlar hesab edirlər ki, əslində, müharibə tez, anidən bitirilərsə, Rusiya təhlükəsi sovuşmayacaq və belə olan halda gələcəkdə Şərqi Avropada yeni münaqişələr alovlana, hətta Ukraynada da yeni bir müharibə başlaya bilər. Ona görə də bu məsələdə Avropa liderlərinin, xüsusilə də Fransanın, Almaniyanın fəallıq göstərdiyini görürük. Onlar daha çox, Avropanın istədiyi şərtlər əsasında bir sülhə nail olmağa çalışırlar”.
“Birləşmiş Ştatların isə bu məsələdə yanaşması fərqlidir. Tramp administrasiyası müharibəni bir an əvvəl bitirməyə çalışır və Avropa ölkələrini başa salmağa çalışır ki, qitə 1945-ci ildən bu günə qədər NATO-nun, dolayı yolla ABŞ-nin təhlükəsizlik çətiri altında özünü çox rahat hiss edib, indi isə yeni dövrə hazırlaşmalıdır. Tramp hesab edir ki, əgər o, bu müharibəni bitirsə, gələcəkdə Şərqi Avropada hər hansı bir yeni münaqişə ocağı meydana gəlməyəcək. Ən azından, yaxın perspektivdə ABŞ bunu gözləmir. Digər tərəfdən isə Ukraynanın fikirləri Avropa ilə daha çox üst-üstə düşür, xüsusən də son dövrlərdə. Çünki Kiyev ani sülhün gələcəkdə onlar üçün təhlükə törədəcəyini düşünür, Zelenski və komandası Rusiyanın bu maksimalist düşüncələrinin daha çox artacağı fikrindədir. Bu baxımdan, Ukrayna da Avropa ölkələrinin fəallığı ilə seçilən bir görüşə daha çox istəklidir”, – deyə ekspert vurğulayıb.
O, prosesdə digər məsələnin də zəruriliyinə münasibət bildirib:
“Donald Tramp bu məsələlərdə Avropa liderlərinin daha çox rol oynamasına imkan vermək düşüncəsində deyil. Bunu həm Trampın fəaliyyətində görürük, həm də ABŞ Fransa və digər Avropa ölkələri ilə müqayisədə daha çox beynəlxalq arenada söz sahibidir. Ona görə də ola bilər ki, Fransada hər hansısa bir görüş olsun. Lakin mən üçlü görüşün daha çox ABŞ-nin istəkləri əsasında olacağı və istiqamətlənəcəyini düşünürəm”.
newsbaku.az