Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələcəkdə külək parkları üçün avadanlıq istehsalının bir hissəsini Azərbaycanda lokallaşdırmağı nəzərdə tutur.
newsbaku.az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Euronews” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, SOCAR 2035-ci ilə qədər milli enerji şirkətinə çevrilməyi hədəfləyir:
“SOCAR artıq sırf karbohidrogen şirkəti deyil, balanslaşdırılmış portfelə malik enerji şirkəti olacaq. Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafında üzləşdiyimiz əsas problemlərdən biri enerji şəbəkəsinin dəyişkən mənbələrdən enerji qəbul etmək imkanlarının məhdud olmasıdır. Buna görə əlavə balanslaşdırıcı güclərə – buxar-qaz qurğuları, batareya enerji saxlama sistemləri və ya onların kombinasiyasına ehtiyac var”.
SOCAR rəsmisi əlavə edib ki, ikinci çağırış açıq dənizə çıxış imkanının olmamasıdır:
“Külək parkları üçün tələb olunan bəzi avadanlıqlar, məsələn, 92-94 metr uzunluğunda pərlərin ölkəyə gətirilməsi çox çətindir. Bu səbəbdən ümid edirik ki, gələcəkdə istehsalın müəyyən növlərini Azərbaycanda lokallaşdıra biləcəyik”.
Ə.İsayevin sözlərinə görə, digər problem isə mövcud infrastruktur və avadanlıqların bir hissəsinin sovet dövründən qalmasıdır:
“Buna görə də üçüncü çağırış əsas fəaliyyət sahələrinin dekarbonizasiyasıdır. İstehsal proseslərinin modernləşdirilməsi və rəqəmsallaşdırılması böyük investisiyalar tələb edir”.
newsbaku.az