Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

image-idant-3backend

16 iyul 1945-ci ildə ilk nüvə sınağının keçirilməsindən sonra dünyada iki mindən artıq nüvə partlayışı həyata keçirilib. İlk illərdə bu sınaqların insan həyatı və ətraf mühit üçün dağıdıcı nəticələri nəzərə alınmasa da, zaman göstərdi ki, nüvə partlayışları uzunmüddətli və fəlakətli təsirlər yaradır.

newsbaku.az xəbər verir ki, BMT Baş Assambleyasının 2009-cu il 2 dekabr tarixli 64/35 saylı qətnaməsi ilə 29 avqust Nüvə sınaqlarına qarşı mübarizə günü elan edilib.

Nüvə sınaqlarına tam qadağa qoymağı hədəfləyən əsas beynəlxalq sənəd 1996-cı ildə qəbul edilmiş Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilə olsa da, sənəd hələ qüvvəyə minməyib. Hazırda 187 dövlət müqaviləni imzalayıb, 178-i isə ratifikasiya edib.

BMT Baş katibi öz “Ortaq Gələcəyimizi Qorumaq” adlı gündəliyində vurğulayıb ki, qətnamə nüvə silahlarının yayılmasının qarşısını almaq üçün mühüm vasitədir və müqaviləni hələ də ratifikasiya etməyən dövlətləri tezliklə bunu etməyə çağırıb.

Qeyd edək ki, Fransa tərəfindən müstəmləkə ərazilərində həyata keçirilən nüvə sınaqları 1960-cı ildən bəri təxminən 210 dəfə baş tutub. Bu sınaqlar insan və ətraf mühitə güclü zərbə dalğası, istilik şüalanması və radioaktiv çirklənmə kimi dağıdıcı təsirlər göstərib.

Fransanın Polineziyadakı nüvə sınaqları BMT və beynəlxalq nüvə nəzarət qrupları tərəfindən qanunsuz hesab olunub, rəsmi üzrxahlıq və təzminat tələb edilib. Müstəmləkə ərazilərində yaşayan xalqlar hələ də mənfi təsirlərin tanınmaması və kompensasiyanın ödənilməməsindən narazıdır. Bu məsələlər insan hüquqları, ekoloji mühafizə və beynəlxalq hüquq çərçivəsində müzakirə olunur.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki