Son illər bütün dünyada olduğu kimi Azərbaycanda da kriptovalyutalara maraq sürətlə artır. Rəqəmsal valyutaların verdiyi imkanlarla yanaşı, onların yaratdığı risklər də diqqət mərkəzindədir.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli newsbaku.az-a açıqlama verib.
Ekspertin sözlərinə görə, hazırda ölkəmizdə kriptovalyutalarla bağlı qanunvericilik bazası zəifdir. Bu vəziyyət bir tərəfdən sahəyə marağı artırsa da, digər tərəfdən investorlar və istifadəçilər üçün risklər yaradır.
“Əgər dövlət kriptovalyutalar üzərində aşırı tənzimləmə və ciddi nəzarət tətbiq etsə, bu sahəyə maraq xeyli azalacaq. Çünki kriptovalyutaların əsas üstünlüyü onların anonimliyidir. Əgər bu anonimlik aradan qaldırılsa, kriptovalyutaların əsas dəyəri itəcək və onlar artıq cəlbedici investisiya və ya ödəniş vasitəsi olmayacaq”, – deyə o qeyd edib.
Natiq Cəfərli dünyada kriptovalyutaların geniş yayılmış investisiya aləti olduğunu xatırladaraq, gələcəkdə bu sahənin Azərbaycanda da inkişaf edə biləcəyini istisna etməyib. O bildirib ki, inkişaf etmiş ölkələrdə milyonlarla insan kriptovalyutalardan alqı-satqı və investisiya məqsədilə istifadə edir.
Bununla belə, iqtisadçı şəxsi baxışını açıqlayaraq kriptovalyutaları perspektivsiz və spekulyativ sahə adlandırıb:
“Burada qiymətlərin qalxıb-azalması spekulyativ faktorlarla sıx bağlıdır və həddindən artıq qeyri-sabitdir. ABŞ Prezidenti Donald Tramp və onun komandası kriptovalyutalara müsbət yanaşdığı üçün qiymətlər yüksəlir. Sabah ABŞ-nin mövqeyi dəyişsə, qlobal qiymətlər sürətlə düşə bilər”.
Ekspert əlavə edib ki, kriptovalyutaların məqsədi və məğzini anlamaq çətindir:
“Alış-veriş üçün elektron pullar, kartlar, hesablardan istifadə olunur. Kriptovalyutalara nə ehtiyac var? Bu suala hələ də konkret cavab yoxdur. Onu cəlbedici edən əsas amil anonimlikdir. Anonimlik isə kriminal fəaliyyətlərin, vergidən yayınmanın və digər qanunsuz əməliyyatların həyata keçirilməsini asanlaşdırır”.
Aynur Abdullayeva
newsbaku.az