Ölkəmizdə artıq yeni tədris ilinin başlamasına çox az qalıb. Xüsusilə yeni tələbə adını qazanan şəxslər bu anı səbrsizliklə gözləyirlər. Tələbələr arasında bəziləri əyani, bəziləri isə qiyabi təhsil alacaq. Təbii ki, onlarda bir-birindən fəqlənir.
Bu barədə newsbaku.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanlı:
“Təbii ki, əyani təhsil daha məqsədə uyğundur, eyni zamanda dövrümüzün tələbidir. Çünki, təhsil atmosferi, kommunikasiya, müəllimlərlə interaktiv təhsil almaq imkanı var. Həmçinin universitetdə təqdim olunan müxtəlif proqramda yaxından iştirak etmək olur. Bu imkanlar təbii ki, qiyabi tədrisdə məhduddur. Müəyyən səbəblərə əsaslanaraq qiyabi tədris bir fürsətdir. Vurğulanmalıdır ki, hər iki tədris forması eynidir. Qiyabi tədris müddətində sadəcə dərslər sürətləndirilmiş formada olur. Əgər əyani tədris 15 həftədirsə, qiyabi tədris 5 həftə tədris olunur. Qiyabi tədrisdə daha çox çalışan şəxslər, ailə vəziyyəti tez-tez dərsə gələ bilmək fürsəti yaranmayanlardır.
İnkişaf edən ölkələrdə qiyabi tədris distant təhsillə əvəz olunub. Çünki distant təhsil daha interaktivdir. Qardaş ölkə Türkiyədə Anadolu Universiteti və digər univeristetlər buna misaldır. Onların yüzlərlə, minlərlə məzunları olmuşdur.
Düşünürəm ki, gələcəkdə distant təhsil formasını Azərbaycana yönləndirmək daha məqsədə uyğundur. Qeyd edilməlidir ki, əyani və qiyabi təhsil keçən əsrdə, internet texnologiyalarının inkişaf etmədiyi bir dövrdə təqdim olunub”, – deyə bildirdi.
Bu barədə fikirlərini newsbaku.az-la bölüşən təhsil eksperti Elçin Əfəndi:
“Hər iki tədris formasının bir-birindən üstün cəhətləri çoxdur. Əyani təhsil qiyabi təhsillə müqayisədə ixtisasla bağlı bilik və bacarıqların daha yaxşı mənimsənilməsi deməkdir.
Qiyabi təhsil semestr ərzində, yəni ildə 2 dəfə tədris olunur. Qiyabi təhsilin üstün cəhəti işləyən əhali, ali təhsil almaq istəyən evdar xanımlar və digərləri üçün üstün hesab oluna bilər.
Mövcud vəziyyətdə qiyabi təhsil alan şəxslər daim öz üzərində işləməli, bilik və bacarıqlarını inkişaf etdirməlidirlər”, – deyə bildirdi.
Nuranə Məmmədova
newsbaku.az