Sosial şəbəkələr bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib. Virtual mühitdə anonimlik hissi insanlarda saxta cəsarət yaradır. İstifadəçilərin məsuliyyət hissinin azalması, təhqir, böhtan və insan ləyaqətinə xələl gətirən halların çoxalmasına yol açır.
Cəmiyyətin bir hissəsi real həyatda deməyə cəsarət etmədiyi sözləri, ekran arxasında gizlənərək rahatlıqla yazır və bunun məsuliyyətindən yayınacağını düşünür. Bu isə həm fərdi hüquqların pozulmasına, həm də cəmiyyətin etik dəyərlərinin zədələnməsinə gətirib çıxarır.
Bəs Azərbaycan qanunvericiliyinə görə bu hallara görə hansı məsuliyyətlər nəzərdə tutulub? Hüquqşünas Qəmərcan Xasayzadə newsbaku.az-a müsahibəsində məsələyə aydınlıq gətirib.
Hüquqşünas diqqətə çatdırıb ki, təhqir və böhtan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri ilə nəzərdə tutulan cinayətlərdir:
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtandır. Həmin cinayətin törədilməsinə görə min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə; Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayətinə görə isə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulur.
Həmin məcəllənin 148-ci maddəsinə əsasən, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma təhqir hesab olunur və bu cinayətin törədilməsinə görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulub. Hər iki cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər.
Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2-ci maddəsində qeyd olunduğu üzrə məcəllənin vəzifələrindən biri fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaqdır. Belə ki, sözügedən məcəllənin 23-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Maraqlı şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir”.
Hüquqşünasın sözlərinə görə, sosial şəbəkələrdə təhqirə yol verən şəxslər çox vaxt bunu “ifadə azadlığı” ilə əsaslandırmağa çalışırlar. Lakin qanunvericilikdə ifadə azadlığı ilə təhqir arasında aydın sərhəd qoyulub.
Qəmərcan Xasayzadə bildirib ki, bəzən vətəndaşlar hüquqşünaslara müraciət edərək “Whatsapp” və ya digər sosial şəbəkələrdə yazışma və zəng zamanı edilən təhqirlərə görə iddia qaldırmağın mümkün olub-olmadığını soruşurlar.
“Qanunvericiliyə görə, təhqir və ya böhtan xarakterli məlumatlar yalnız kütləvi şəkildə yayıldıqda məsuliyyət yaradır. Yəni həmin məlumatı ən azı iki nəfərin görə, eşidə və qavraya biləcəyi formada ifadə edilməsi şərtdir” – deyə hüquqşünas vurğulayıb.
Qəmərcan Xasayzadə sosial şəbəkədə təhqirə məruz qalan şəxslərin atmalı olduğu addımlardan bəhs edib:
“Şəxs təhqirə məruz qalmışsa və ya barəsində böhtan xarakterli məlumatlar yayılmışsa hüquqlarının müdafiəsi üçün xüsusi ittiham qaydasında şikayətlə aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməlidir.
Habelə əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir”.
Hüquqşünas sübut toplama prosesinin əhəmiyyətinə diqqət çəkib:
“Kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçalmaq və ya onu nüfuzdan salmaq məqsədilə yayılmış yalan məlumatların əks olunduğu videoyazı, audioyazı, fotoşəkillər və s. varsa, bunlar sübut qismində təqdim olunmaq üçün şəkildə saxlanmalı və mütləq məhkəməyə təqdim olunmalıdır. Habelə şahid ifadəsi də sübutlar siyahısına aid edilə bilər”.
O, həmçinin sosial mediadalardakı anonim istifadəçilərin təyin edilməsi və məsuliyyətə cəlb olunması məsələsinin qanunvericilikdə nəzərə alındığını qeyd edib:
“Azərbaycanda sosial şəbəkələrdən milyonlarla insan istifadə edir və sosial şəbəkələrə nəzarət etmək olduqca çətindir. Lakin 29 noyabr 2016 – cı il tarixli 444-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 148-1-ci maddə əlavə olunmuşdur. CM-in sözügedən maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayətini törətmiş şəxs – min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Habelə Mülki Məcəllənin 23.5-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin”.
Hüquqşünasın zərərçəkmiş şəxs yalnız təkzib deyil, həm də kompensasiya tələb edə biləcəyini söyləyib:
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Habelə mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış)fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır”.
Q.Xasayzadə əlavə edib ki, təhqir və böhtan cinayətləri üzrə cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında aparılır:
“Vətəndaşların məlumatsızlığı və ya məhkəməyə müraciət etməməsi təhqir və böhtan hallarının cəzasız qalmasına səbəb ola bilər. Təhqir edən şəxslər çox vaxt ifadə azadlığının arxasında gizlənirlər. Lakin ifadə azadlığı ilə təhqir arasında sərhəd var – məlumat ən azı iki nəfərin görə biləcəyi formada yayılıbsa, məsuliyyət yaranır”.
O hesab edir ki, bu məsələdə hüquqi tədbirlərlə yanaşı, cəmiyyətin maarifləndirilməsi də olduqca vacibdir:
“Düşünürəm ki, bu bir az ictimai şüurun formalaşmasından, başqasının həyatına hörmət etməyi öyrənməkdən keçir. Bir fərd olaraq özümüzü yetişdirirək, həm özümüz, həm də cəmiyyətdə şəxsiyyət olaraq müsbət davranışların yayılmasına öz töhfəmizi verməliyik”.
Aynur Abdullayeva
newsbaku.az