Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə mümkün sammitə hazırlığı müzakirə etmək üçün Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloqla görüşmək niyyətindədir.
newsbaku.az-ın “Reuters”ə istinadən verdiyi xəbərinə görə, bu barədə o, Kiyevdə Norveçin Baş naziri Yonas Qar Styorla birgə mətbuat konfransı zamanı məlumat verib.
Ukrayna liderinin sözlərinə görə, bu həftə, həmçinin ABŞ və Ukrayna rəsmiləri arasında da görüşlər gözlənilir. Görüşlərdə Ukrayna üçün potensial təhlükəsizlik zəmanətlərinin müzakirəsi, həmçinin Rusiya-Ukrayna sammitinin keçirilməsi məsələsinə toxunulması planlaşdırılır.
Qeyd edək ki, avqustun 24-də Kit Kelloq ikigünlük səfərlə Kiyevə gəlib. Səfər Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən bayram tədbirlərinə təsadüf edir.
Ağ Evdəki ABŞ KİV-in mənbələrinin məlumatına görə, Prezident Donald Tramp onun vasitəsilə Ukrayna tərəfinə bu fikri çatdırmaq istəyir ki, sülhə nail olmaq üçün Kiyev “bir çox cəhətdən Rusiyanın şərtləri əsasında razılaşmanı qəbul etməli”dir.
ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə danışıqlardan sonra Vladimir Putin və Volodimir Zelenski arasında görüşün hazırlıqlarına başladığını bildirib. Eyni zamanda, Donald Tramp bildirib ki, iki həftə ərzində münaqişənin nizamlanması ilə bağlı müəyyən aydınlıq yaranacaq. Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak iki ölkə liderlərinin sammitinin keçirilə biləcəyi yerləri açıqlayıb. Volodimir Zelenski bəyan edib ki, onun Vladimir Putinlə görüşü Avropada baş tuta bilər.
newsbaku.az