Türkiyənin və BMT-nin vasitəçiliyi ilə Nyu-Yorkda keçirilən Kipr mövzusunda geniş formatda qeyri-rəsmi toplantı başa çatıb.
newsbaku.az “Report”a istinadən xəbər verir ki, görüş BMT-nin qərargahında keçirilib. Görüşdə BMT baş katibi Antonio Quterreş, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Kipr Prezidenti Nikos Hristodulidis və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar iştirak ediblər.
Toplantıda birbaşa siyasi danışıqlardan daha çox tərəflər arasında əməkdaşlıq imkanlarının araşdırılmasına diqqət yetirilib. Bu çərçivədə yeni keçid məntəqələrinin açılması, minaların təmizlənməsi, ətraf mühit və iqlim dəyişikliyi, enerji layihələri və gənclərlə bağlı texniki komitələrin yaradılması məsələləri müzakirə olunub.
BMT baş katibi Antonio Quterreş görüşdən sonra jurnalistlərə açıqlamasında müzakirələrin konstruktiv keçdiyini bildirib. O qeyd edib ki, liderlər 2024-cü ilin mart ayında İsveçrənin Cenevrə şəhərində keçirilən qeyri-rəsmi “Kipr müzakirələri” formatlı görüşdə razılaşdırılmış altı etimad tədbirinin icrasını nəzərdən keçiriblər və onlardan dördünün artıq reallaşdırıldığını vurğulayıb.
Görüşdən sonra Ersin Tatar BMT baş katibinin dediklərinin əksinə olaraq müzakirələrin konstruktiv olmadığını bildirib. O qeyd edib ki, əsas müzakirə mövzularından biri olan yeni keçid məntəqələrinin açılması məsələsində tərəflər ortaq məxrəcə gələ bilməyiblər:
“Bu gün burada tərəflər arasında əməkdaşlıq, xalqlarımızın xeyrinə görülə biləcək işlər, ətraf mühit, enerji mövzuları müzakirə olundu. Dörd yeni keçid məntəqəsinin açılması gündəmdə idi. Təəssüf ki, bu baş tutmadı. Yunan tərəfi keçid məntəqələrinin yalnız bufer zonası üzərindən salınmasında israr etdi. Lakin biz bildirdik ki, bufer zonasında yol salınması doğru deyil. Çünki bu, gələcəkdə həmin əraziləri Yunan torpağı kimi göstərmək cəhdlərinə səbəb ola bilər. Bu isə həm hərbi, həm də təhlükəsizlik baxımından risklidir. Biz dedik ki, əgər türk tərəfində yol çatışmazlığı varsa (təxminən 5 km), bu yolu biz çəkə bilərik. Bu, ən məqbul və təhlükəsiz həll yolu olardı. Amma təəssüf ki, qarşı tərəf razılaşmadı və yalnız bufer zonası üzərindən keçid tələb etdi. Bu səbəbdən razılıq əldə olunmadı və dörd keçid məntəqəsinin açılması mümkün olmadı”.
Qeyd edək ki, ilin sonunadək eyni formatda daha bir qeyri-rəsmi toplantı planlaşdırılır.
newsbaku.az