Azər Əhədov: Ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində güclü, savadlı və məsuliyyətli mütəxəssislər ordusu formalaşıb

image-azertcbackend

“Bug bounty” proqramı çərçivəsində həyata keçirilən simulyasiya edilmiş kiberhücumlar vasitəsilə dövlət informasiya ehtiyatlarında mövcud ola biləcək boşluqlar aşkarlanıb və bu boşluqların aradan qaldırılması üçün operativ tədbirlər görülüb. Bu, bizə real təhdidlərə qarşı proaktiv müdafiə imkanı qazandırıb və informasiya sistemlərimizin etibarlılığını artırıb.

newsbaku.az xəbər verir ki, bu sözləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisi, general-mayor Azər Əhədov “Bug bounty” layihəsinin mükafatlandırma mərasimində deyib.

O qeyd edib ki, Təhlükəsizlik Əməliyyatlar Mərkəzinin monitorinq və reaksiya qabiliyyətinin artırılması baxımından “Bug bounty” proqramı əhəmiyyətli rol oynayıb.

“Aşkarlanan boşluqların, insidentlərin təhlili və cavab mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mühüm təcrübələr əldə olunub. Bu təşəbbüs bizə sahə üzrə istedadlı şəxsləri üzə çıxarmağa da imkan verdi. Yarışma çərçivəsində bilik və bacarıqları ilə fərqlənən mütəxəssislər, gələcəkdə dövlət strukturları ilə birgə layihələrdə iştirak edə biləcək potensial tərəfdaşlar kimi diqqət mərkəzinə gəldi. Onlarla əməkdaşlıq imkanlarını artıq aktiv şəkildə müzakirə edirik.

Ən əsası isə bu yarışma vasitəsilə ölkəmizdə “Bug bounty” mədəniyyətinin formalaşdırılmasına və təşviqinə real zəmin yarandı. Şəffaf, məsuliyyətli və konstruktiv əməkdaşlığa əsaslanan bu mədəniyyət həm dövlət qurumlarının, həm də texnoloji ictimaiyyətin faydasına yönəlib və gələcəkdə kibertəhlükəsizliyimizin əsas sütunlarından birinə çevriləcək”,- deyə o qeyd edib.

A.Əhədov əlavə edib ki, əldə olunan nəticələr ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində güclü, savadlı və məsuliyyətli mütəxəssislər ordusu formalaşdığını göstərib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki