Müşfiq Abuzərli: “8 Noyabr” elektrik stansiyası tam gücü ilə fəaliyyətdədir”

image-7qnmid8z51prcfpzj29mkpvq4ihf3x1jbta0kuqv_1200backend

“8 Noyabr” elektrik stansiyasının gücü 1880 meqavata çatdırılıb”.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərenerji” ASC-nin İstehsal İdarəsinin xidmət rəisi Müşfiq Abuzərli deyib.

Onun sözlərinə görə, stansiya cəmi iki il ərzində çox qısa müddətdə istismara verilib:

“Burada işlər ən son texnologiyalardan istifadə olunmaqla həyata keçirilib və sınaq-sazlama işlərinə qısa zamanda başlanıb. Sınaq-sazlama işlərinə ötən ilin dekabr ayında başlamışıq və bu ilin aprel ayına qədər bütün işləri tam yekunlaşdırmışıq. Hazırda stansiya tam istismardadır”.

M.Abuzərlinin sözlərinə görə, stansiyada dörd ədəd qaz turbini qurğusu quraşdırılıb:

“Onların hər birinin gücü 320 meqavatdır. Tüstü qazlarından buxarın istehsalı üçün dörd qazan qurulub və hər birinin məhsuldarlığı 400 tondur. Bu qazanlardan alınan buxar stansiyadakı 300 meqavatlıq mövcud buxar turbinlərinə ötürülərək elektrik enerjisinin istehsalını təmin edir. Beləliklə, stansiyanın ümumi gücü 1880 meqavata çatıb”.

Xidmət rəisi vurğulayıb ki, stansiyanın köhnə və yeni hissəsi arasında səmərəlilik fərqi böyükdür:

“Köhnə hissədə bir kilovat saat elektrik enerjisi istehsalı üçün təqribən 335 qram şərti yanacaq istifadə olunurdu. Hazırda isə bu göstərici bir kilovat saat üçün 225 qramadək azaldılıb. Bununla da hər il təqribən 1.2 milyard kubmetr zərərli qazların ətraf mühitə atılmasının qarşısı alınır”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki