Moskvanın Cənubi Qafqazla qarşıdurmasının Ermənistanla ön xətti erməni kilsəsindən, Azərbaycanla isə Rusiyadakı diasporumuzdan keçir. “Üçüncü Roma”da əldən çıxmış bu şahmat partiyasını son iki əsrin ənənəvi ssenarisi ilə oynamaqda israrlıdırlar. Yeni-köhnə Rusiyanın siyasi isteblişmentində hələ də ümid edirlər ki, Qriboyedovla Paskeviçin metodları XXI yüzillikdə də işlək ola bilər. Hər ikisinin ömürlərini necə başa vurduqları barədə tarixçəni isə Moskvada belə görünür ki, xatırlamaqda o qədər də həvəsli deyillər.
Bu mənzərə Kremlin bölgə dövlətlərini “parçala və hökmranlıq et” prinsipi ilə manipulyasiya rıçaqlarından məhrum olduğunun çılpaq göstəricisidir. İrəvanda Paşinyan hökuməti Rusiyadan göndərilən emisarların başlarını “uf” demədən kəsir, üzdə qriqoryan, pərdəarxasında isə rus pravoslav kilsəsinə xidmət edən erməni keşişlərini həbsə ataraq Moskvanı son alətlərindən məhrum edir. Bakı isə digər emissar – Azərbaycanın ərazi bütövlüyünə növbəti maneə kimi Qarabağa “ezam edilmiş” Ruben Vardanyanın məhkəməsini prinsipiallıqla davam etdirir.
newsbaku.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşündən hasil olan ən vacib nəticə də elə budur ki, tərəflər Rusiyanın geosiyasi isterikası şəraitində belə vasitəçisiz keçinməyi bacarırlar. Nikol Paşinyanın bu görüşdən əvvəl Türkiyəyə etdiyi tarixi səfər və Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi, Moskvadan gələn təzyiq dalğalarının İrəvanı Bakı və Ankaranın ağuşuna daha sürətlə itələdiyini göstərir. Zəmanənin ən böyük lütfü də budur ki, Kremldə bunu ya anlamırlar, ya anlaya bilmirlər, ya da anlayırlar, ancaq əlacsızdırlar. Ona görə də acıqlarını etnik icmalardan, Azərbaycandan idxal edilən meyvə-tərəvəzdən və Ermənistandan gələn güllə konyakdan çıxırlar. İmperialist eqo öz rolunu oynamaqdadır, ancaq tarixin təkrarlanmaqla yanaşı, yenidən yazılmaq qaydası da var. Cənubi Qafqazın tarixini indi Azərbaycan qələmə alır.
Arxada qalan həftə Nikol Paşinyan etiraf etdi ki, Azərbaycanın ərazi bütövlüyünü 2022-ci ildən əvvəl tanımamaqla səhv ediblər. İlk baxışda düşünmək olar ki, Paşinyan bu etirafı vaxt itkisinin ölkəsini və xalqını daha da geri salması baxımından edir. Əslində isə belə deyil: erməni liderin fikrincə, Rusiya və onun orbitində dövr edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına həddindən ziyadə ümid ediblər, bunun əbəs olduğunu isə yalnız 2022-ci ildə başa düşüblər. Anlaşılan dilə tərcümə edəndə təqribən belə bir məna alınır: düşünürdük ki, Rusiya bizim əvəzimizə Azərbaycanla müharibə edəcək, ancaq yanıldıq. Paşinyan KTMT-dən kömək müqabilində “sizin Azərbaycanla sərhədiniz aydın deyil” cavabını aldıqdan sonra barmağını dişləməyə başlayıb: “Bizdə belə bir sual yarandı: “qırmızı xətt” haradan keçir? İndiyədək heç kim göstərməyib. Biz də özümüzə sual verməyə başladıq: KTMT üzrə tərəfdaşlarımız bizim ərazi bütövlüyümüzü tanıyırmı? Biz özümüz onu tanıyırıqmı?”.
Erməni liderin bu etirafı Cənubi Qafqaza öz tarixi eynəyi ilə baxmaqda davam edən daha bir aktorun geosiyasi çabalarını alt-üst edir. Əgər Paşinyan öz ölkəsindəki “qırmızı xətt”in haradan keçdiyini başa düşə bilmirsə, İranın başqa dövlətin ərazisində çəkdiyi “qırmızı xətt”inin aqibəti necə olacaq? Əbu-Dabi görüşündən əvvəl Qərb mediasında Zəngəzur dəhlizinin ABŞ-nin özəl mühafizə şirkətlərindən birinin qoruyacağına dair xəbərin beynəlxalq ictimai tədavülə buraxılması, ardınca isə Vaşinqtonun Ankaradakı səfirinin bunu təsdiqləyənə bənzər açıqlama ilə çıxış etməsi, yuxarıdakı sualın hələlik ən aktual cavabıdır. Rəsmi Tehranın bu fonda ağzına su alıb oturması da bu geosiyasi tamaşanın başqa bir səhnəsidir: dövriyyədə olan məlumatlardan birinə görə, İrana dəhlizə perpendikulyar istiqamətdə öz dəmiryolunu çəkməyə icazə verilib ki, şimalla “əlaqəsiz qalma” qorxularını aşa bilsin. İsraillə 12 günlük müharibənin fəsadları öz işini görməkdədir. Qorxunun gözləri böyük olar…
Şotlandəsilli britaniyalı dövlət xadimi və hərbçi, general ser Kolin Kempbel 1853-56-cı illərdə Rusiya ilə Krım müharibəsinin döyüşlərindən birində rəhbərlik etdiyi 93 saylı alayın şəxsi heyətinə sıra düzülüşündə dəyişiklik etmək əmri verir. Qaydaya görə, döyüşdən əvvəl heyət dörd sıraya düzülməli idi. Kempbel onları bu dəfə iki sıraya düzür. Cəbhə xəttinin enini artırmaq məqsədilə. Britaniya ordusunda hərbi mundirlər qırmızı rəngdə olduğundan, bu mənzərə siyasi terminologiyaya “qırmızı xətt” kimi daxil olub. Düzdür, həmin döyüş baş vermir, çünki hücum əmri təxirə salınır, ancaq bu hadisə Britaniya tarixində özünü qurban verməyə hazırlıq və rəşadət simvolu kimi qiymətləndirilir.
İran rəsmilərinin tez-tez “qırmızı xətt” ifadəsini işlədərkən bu terminin tarixi barədə məlumatlı olub-olmadıqlarını heç kim bilmir. Ancaq gerçəklik, ələlxüsus da İsraillə iyul münaqişəsindən sonrakı zaman göstərir ki, “qırmızı xətt” üçün rəşadət və dözümlülük üçün resurslar da lazımdır. Tək İrana deyil, həm də Rusiyaya. İndi bu “nemət”dən nə şimalda – Rusiyada qalıb, nə də cənubda – İranda. Şah və mat!
newsbaku.az