Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi Erve Renar PSJ-nin müdafiəçisi Əşrəf Hakiminin “Qızıl top”a layiq olduğunu hesab edir.
newsbaku.az xəbər verir ki, bu barədə “360 Sport” məlumat yayıb.
“Onun irəliləyişi nəzərə çarpır. Hakimi “Borussiya”dan tutmuş “İnter”ə və sonra PSJ-yə qədər yalnız yüksəkreytinqli klublarda oynayıb, bu onun istedadının əsl göstəricisidir. O, hazırda dünyanın ən yaxşı oyunçularından biridir. Mənim üçün o bu il “Qızıl top”un qalibidir, çünki o, bütün oyunlarda müstəsna, ardıcıl və əzmkar idi. Bu gün Hakimi qitənin ən yaxşı oyunçusudur. Gənc yaşını (26) nəzərə alsaq, o, hələ də zirvəsindən uzaqdır”, – deyə Renar bildirib.
26 yaşlı mərakeşli 2024/25 mövsümündə bütün turnirlərdə 55 oyun keçirib, 11 qol vurub və 16 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Renar 2016-2019-cu illərdə Mərakeş millisi ilə işləyib.
newsbaku.az