Milli energetikada tarixi mərhələ: 1 milyard kubmetr qaza qənaət, 2 milyon ton karbon az

image-3fb802b3-b1ad-3493-9d72-a1302ad78689_850backend

Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə “AzərEnerji” ASC tərəfindən ölkənin ən iri enerji obyektlərindən biri olan “8 Noyabr” Elektrik Stansiyasına mediatur təşkil olunub. Səfərin əsas məqsədi stansiya ilə yerində tanışlıq, media nümayəndələrinin energetika sahəsi üzrə biliklərinin artırılması və Mingəçevirdə – Azərbaycanın enerji mərkəzində – Mətbuat Gününün qeyd olunması olub.

newsbaku.az  “Report”a istinadən xəbər verir ki, bura təşkil olunan səfərdə ölkənin müxtəlif media qurumlarını təmsil edən jurnalistlər iştirak ediblər.

Rekord müddətdə – iki ilə inşa edilən stansiya

Prezident İlham Əliyevin 2023-cü ildə təməlini qoyduğu 1880 meqavat gücündə “8 Noyabr” Elektrik Stansiyası cəmi iki ilə – 2025-ci ilin iyun ayında tam istismara verilib. Tikinti prosesi ərzində dünyanın müxtəlif ölkələrindən – o cümlədən Çindən, İtaliyadan və İspaniyadan – iri həcmli texniki avadanlıqlar gətirilib.

Belə ki, dörd ədəd 20 min tonluq util qazan və qaz turbinləri, 1500-ə yaxın konteyner avadanlıq və 40 min kubmetrlik yüklər dəniz və quru yolu ilə ölkəyə daşınıb. Stansiyanın inşasında 7200 ton metal konstruksiya montaj edilib, 15 min kubmetrdən çox svay vurulub.

Tikinti və montaj işlərində İtaliya, Çin, Türkiyə və digər ölkələrin mütəxəssisləri ilə yanaşı, 2500 yerli mühəndis və texnik də iştirak edib.

İnnovativ texnologiya və yüksək səmərəlilik

Yeni stansiyada 4 ədəd 320 MVt-lıq qaz turbini və onlardan çıxan tüstü qazlarının enerjisindən istifadə edən 4 util qazan qurulub. Bu qazanlarda alınan buxar “Azərbaycan” İES-in mövcud 7 və 8-ci enerji bloklarının turbinlərinə ötürülərək əlavə enerji istehsal olunur. Beləliklə, stansiyanın ümumi gücü 1880 MVt-a çatıb.

Eyni zamanda, artıq qalan buxar “Azərbaycan” İES-in 6-cı blokuna yönləndirilir ki, bu da əlavə 90 MVt həcmində enerji istehsalına imkan verir.

İqtisadi və ekoloji üstünlüklər

Yeni qurğularla enerji istehsalı zamanı şərti yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə azalıb – 1 kVt/saat enerji üçün cəmi 225 qram təşkil edir. Bu göstərici əvvəlki sistemlərlə müqayisədə 120 qram daha azdır. Nəticədə, ildə 1 milyard kubmetrə qədər təbii qaza qənaət edilir, atmosferə atılan karbon qazının miqdarı 2 milyon ton azalır, faydalı iş əmsalı 38,5 %-dən 55,5 %-ə yüksəlib.

Stansiyanın enerji sisteminə inteqrasiyası üçün həmçinin “Azərbaycan” İES-in 500 və 330 kV-luq yarımstansiyaları yenilənib, 65,6 km uzunluğunda 500 kV-luq “Mingəçevir-Samux” xətti çəkilib, “Samux” yarımstansiyasında yenidənqurma aparılıb.

Daha az vəsaitlə daha çox nəticə

Qeyd edək ki, bir çox ölkələrdə analoqu olan bu tip stansiyaların tikintisinə nisbətən “8 Noyabr” Elektrik Stansiyasının inşasına dəfələrlə az vəsait sərf olunub. Bununla yanaşı, yerli mütəxəssislərin iştirakı və qabaqcıl texnologiyaların tətbiqi sayəsində stansiya həm yüksək səmərəlilik, həm ekoloji dayanıqlıq, həm də strateji əhəmiyyət baxımından ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki