“Bug bounty” proqramı uğurla başa çatıb

image-ybackend

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yerli kibertəhlükəsizlik startapı olan “Qarabug” platforması vasitəsilə gov.az zonasına aid informasiya sistemlərində ilk dəfə həyata keçirilən “Bug bounty” proqramı uğurla yekunlaşıb.

newsbaku.az xəbər verir ki, cari ilin aprel-iyul aylarını əhatə edən layihə çərçivəsində könüllü olaraq təhlükəsizlik üzrə zəiflikləri aşkara çıxaran mütəxəssislər sadəcə texniki bacarıqlarını deyil, həm də vətəndaş məsuliyyətini və dövlətin rəqəmsal gələcəyinə olan töhfələrini nümayiş etdirdilər. Bu, açıq və şəffaf yanaşmanın, həmçinin ictimai iştirakçılığın uğurlu nümunəsidir.

Tədbirin açılış mərasimində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisi, general-mayor Azər Əhədov “Bug bounty” layihəsinin həyata keçirilməsinin dövlət informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasında ictimai və peşəkar potensialın birləşdirilməsinin bariz nümunəsi olduğunu qeyd edib. Eləcə də A.Əhədov Xidmətin Təhlükəsizlik Əməliyyatlar Mərkəzinin monitorinq və reaksiya qabiliyyətinin artırılması və istedadlı gənc mütəxəssislərin müəyyən olunması baxımından layihənin əhəmiyyətli rol oynadığını vurğulayıb.

Daha sonra çıxış edən “Qarabug” startapının təsisçisi Miraqşın Abutalıbov uğurla başa çatan “Bug Bounty” proqramının gələcəkdə daha genişmiqyaslı layihələrə ilham verəcəyini və kibertəhlükəsizlik üzrə yerli potensialın inkişafına töhfə verəcəyini qeyd edib. O əlavə edib ki, informasiya təhlükəsizliyi sahəsində belə uğurlu layihələrin artırılması üçün bu təcrübə öyrənilməli və paylaşılmalıdır.

Ümumilikdə, qeydiyyatını təsdiq etmiş 600 nəfərdən 39 nəfərin fəal iştirak etdiyi proqram çərçivəsində təhlükəsizlik zəifliklərinin aşkarlanması və peşəkar şəkildə sənədləşdirilməsinə görə ən yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılıb. Birinci yeri qazanan Nicat Abbaslı (10 min manat), ikinci yerin qalibi Fuad Anzurov (7000 manat), üçüncü yerin sahibi Qərib Quluzadə (5000 manat) mükafatlandırılıblar. Yüksək nəticələrinə görə dördüncü, beşinci və altıncı yerləri tutan iştirakçılara isə fəxri fərmanlarla yanaşı, qiymətli hədiyyələr təqdim olunub.

Mükafatçılar arasında kibertəhlükəsizlik sahəsində oxuyan tələbələrlə yanaşı, gənc mütəxəssislər də yer alıb ki, bu da proqramın əsas məqsədlərindən olan yeni nəsil etik hakerlərin stimullaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki