Jurnalist Əsgər Əlioğlunun müəllifi olduğu, şəhid qardaşı Məhərrəm İbrahimov haqqında yazdığı “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimat mərasimi keçirilib.
newsbaku.az Yenicag.az-a xəbər verir ki, tədbir Azərbaycan Mətbuat Şurasında təşkil olunub.
Təqdimat mərasimində Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəsmiləri, televiziya və sayt rəhbərləri, eyni zamanda media nümayəndələri iştirak ediblər.
Tədbirdə başda Məhərrəm İbrahimov olmaqla peşə fəaliyyətini icra edərkən həyatını itirən jurnalistlərin xatirəsi anılıb, eyni zamanda mina təhlükəsinin doğurduğu fəsadlara diqqət çəkilib.
Çıxış edənlər bildiriblər ki, jurnalistlər azad edilmiş ərazilərdə informasiya cəbhəsində ön sırada canı-qanı bahasına mübarizə aparan peşə sahibləridir. Həmçinin mina təhlükəsinin yalnız insan həyatına deyil, mədəni irsimizə və tarixi abidələrə vurduğu zərər də vurğulanıb.
Bildirilib ki, minalanmış ərazilər bərpa prosesini ləngidir, həmçinin regionun sosial, iqtisadi və mədəni dirçəlişinə ciddi əngəl yaradır.
Çıxışlarda beynəlxalq ictimaiyyətin bu məsələyə daha geniş diqqət ayırmasının vacibliyi qeyd olunub və jurnalistlərin təhlükəli şəraitdə fəaliyyətini işıqlandıran mexanizmlərin gücləndirilməsi təklif edilib.
newsbaku.az