“Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri qardaş gəlişidir”.
newsbaku.az xəbər verir ki, bu barədə Milli Məclisin sədr müavini Musa Qasımlı bildirib
O qeyd edib ki, Berdiməhəmmədovun Füzuli rayonunda işğal illərində xarabalıqlara çevrilmiş yerlərə baxması, müasir dövrün erməni vəhşiliyini əyani görməsi, işğaldan azad edildikdən sonrakı qısa müddətdə hər yerdə görülən möhtəşəm quruculuq işlərinin bir qismilə tanışlığı isə Azərbaycan millətinin xarakterindən doğan yüksək mədəniyyətə, istedadına, yaradıcı olmasına, Azərbaycan dövlətinin qüdrətinə şahidlik etməsi idi:
“Bu səfər dövlət başçımızın türk dünyasını daha sağlam tutmağa, bu gününə və gələcəyinə dair strateji baxışının bir parçası olaraq tariximizə düşdü”.
Vitse-spiker qeyd edib ki, Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədova at bağışlamasının isə ayrıca xüsusi mənası var:
“Cənab Prezidentimiz İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı bağışladı. Türk millətlərində at həmişə murad hesab edilib. Türk dünyasının muradı hasil olsun. Bizi ayaqda saxlayan zəngin, qədim tariximiz, milli-mənəvi dəyərlərimizdir. Biz sağlam kökləri dərinlərə gedən və yerdən qoparıla bilinməyən nəhəng bir ağacın budaqlarıyıq. Köksüz ağac dam üstündə bitmiş ot kimidir, külək dəyən kimi yox olur. Budaqları kəsilmiş ağac da quruyur. Ona görə də türk millətlərinin bir yerdə olmazı vacibdir”.
newsbaku.az