Yunanıstan məhkəməsi Moldova Demokrat Partiyasının keçmiş sədri, oliqarx Vladimir Plaxotnyukun Moldovaya ekstradisiyasına qərar verib.
newsbaku.az xəbər verir ki, bu barədə TV8 telekanalı məlumat verib.
Qeyd olunur ki, Vladimir Plaxotnyuk özü məhkəmə prosesində iştirak etməyib, oliqarxın maraqlarını onun vəkili təmsil edib. İş adamı 20 milyard dolların yuyulmasında ittiham olunur.
Lakin Yunanıstanda ekstradisiya ilə bağlı yekun qərarı apellyasiya məhkəməsi deyil, Yunanıstanın Ədliyyə Nazirliyi verir.
Qeyd edək ki, oliqarx iyulun 22-də Afinadan Dubaya uçmağa cəhd edərkən həbs edilib. O, mütəşəkkil cinayətkarlıq, dələduzluq və çirkli pulların yuyulması işlərində iştirak iddiası ilə saxlanılıb.
Xatırladaq ki, Vladimir Plaxotnyuk 2019-cu ilin iyununda Moldovanı tərk edib. Siyasətçi uzun müddət ABŞ-də yaşasa da, 2020-ci ilin yanvarında orada arzuolunmaz şəxs elan edilib. O, son bir neçə ili Dubayda yaşayıb.
newsbaku.az