Sosial şəbəkələrdə musiqi paylaşımı artıq gənc ifaçılar üçün təkcə özlərini tanıtmaq vasitəsi deyil, eyni zamanda geniş auditoriyaya çatmaq üçün təsirli bir platformaya çevrilib. Bunu sosial şəbəkədə həm bütöv musiqi ifaları, həm də daha çox ön plana çıxan qısa videolar sübut edir.
Gənc ifaçı Sara Kərim newsbaku.az-a açıqlamasında bildirib ki, “Əslində sosial şəbəkədə bütöv musiqi ifalarını paylaşanlar da olur, lakin qısa videolar daha çox önə çıxır. Səhnədə canlı ifa edəndə də, sosial şəbəkədə paylaşanda da məsuliyyət var. Sadəcə fərq ondadır ki, sosial şəbəkədə bu ifalar daha çox insana çatır və insanlar istədikləri zaman yenidən girib dinləyə bilirlər.”
Sara Kərim sosial şəbəkədə uğur qazanmağın əsas şərtlərindən birinin orijinallıq və trendlərə uyğunlaşma olduğunu da qeyd edir:
“İfaçı öz tərzində oxuyursa, başqalarını təkrarlamırsa, bu daha çox maraq doğurur. İnsanlar həm tanış melodiyanı eşidir, həm də fərqli bir tərzdə təqdimat görürlər.”
Sosial şəbəkələrdə musiqi ilə məşğul olan gənclər üçün bu cür videolar həm yaradıcılıq sərhədlərini genişləndirir, həm də onları musiqi aləmində tanıdılmağa bir addım yaxınlaşdırır.
Jalə Quliyeva
newsbaku.az