Uşaqların təhsil məsələsi ilə yanaşı tərbiyə məsələsi də həmişə aktual olub və olmalıdır. Bu iki sütunu formalaşdırmaq, sadəcə uşaq yetişdirmək deyil, cəmiyyətə faydalı bir insan hazırlamaqdır.
Uşaqların tərbiyəsinə ailədə başlanılır, məktəbdə uzun bir dövr ərzində bu proses davam etdirilir. Lakin, valideyn və müəllimlə yanaşı psixoloqların da burada rolu danılmazdır.
Bəs, məktəblərdə kifayət qədər psixoloq varmı? Psixoloqlar məktəblilərin psixoloji durumuna necə təsir edir?
Mövzu ilə bağlı newsbaku.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki: “Məktəblərdə psixoloqlar olur, amma nəzərə alsaq ki, şagird sayına psixoloq sayı uyğunlaşır yoxsa uyğunlaşmır. Şagird çoxdur psixoloq isə az. Xüsusən də, məktəblərdə, yeniyetmələr və daha aşağı yaş qrupu üçün nəzərdə tutulan psixoloqlar ayrı olmalıdır. Lakin bəzən görürük ki, məktəblərdə bir psixoloq var və psixoloq kimi fəaliyyət göstərmir. Davamiyyət yoxlayan və ya hansısa tədbirdə iştirak etmək kimi fəaliyyətləri icra edir. Ola bilər ki, həmin şəxsin ali təhsili olsun, amma bu kifayət deyil, yəni heç bir praktikası yoxdur. Biz isə bu gün özəl sektor olaraq təlimlərə qatılırıq. Müxtəlif terapiyalar və təlimlər alırıq ki, bu təlimlərin bir modulu 400-600 azn olur və burada 4 modul olur. Bu gün 2400 azn verdiyimiz təlimlər olur ki, hansı ki orta məktəblərdə yeniyetmələrlə işləniləcək bir terapiya növüdür. Bunun üçün müəyyən məbləğdə ödənişlər olunmalıdır, bu isə psixoloqun əməkhaqqı ilə uyğunlaşmır. Bir məsələni diqqətə gətirmək istərdim ki, bu gün bu terapiyaları ali məktəb bizə vermirsə, dövlət özü belə kurslar yaratmalıdır. İlk olaraq psixoloqlar maariflənməli, terapiyanı bilməli, sonra bildiklərini tətbiq etməlidir. Hər bir psixoloqun müəyyən yaşı və təcrübəsi olsa da bu yetərli olmur.
Bu gün məktəb psixoloqları hər hansı bir problemi aydınlaşdıra bilsə belə, burada nə baş verir? Gizlədirlər. Problemli ailələr olur, problemli uşaqlar olur ki, bunu gizlədirlər. Niyə? “Məktəb olaraq adımız polisə düşməsin.” Hansı ki, bu inspektorlar da gəlib müəyyən maarifləndirici söhbətlər aparsa həmin uşaq düzələ bilər. Amma bunu direktor davamlı olaraq gizlədir. Davamlı olaraq gizlətdiyi üçün də problemli uşaqlar və yeniyetmələr elə problemli olaraq da qalır. Biz birdə onda ayılırıq ki, sosial şəbəkələrdə istəmədiyimiz halların şahidi oluruq. Məktəblərdə psixoloqların olması mütləqdir. Bu gün elə bir dövrə gəlmişik ki, valideyn kiminsə sözüylə uşaq tərbiyə edir. Uşaq da görür ki, dünən deyilən sözlə, bugünkü bir deyil. Çünki fərqli insanların tərbiyə metodları tətbiq olunub. Valideynin əlində sistematik, ardıcıl proqram olmalıdır ki,“mən uşağımı necə tərbiyə etməliyəm.” Psixoloq bir problemi aydınlaşdırıbsa bunu mütləq valideynə söyləməlidir. Məktəblərdə psixoloqlar vaxtaşırı psixoloji testlər aparmalıdır. Problemli uşaqları tapmalı, problemli ailələr olanda məlumat verməlidir. Əsas olaraq da bu məsələlər gizlədilməməlidir, gizlədiləndə daha çox problemlər ortaya çıxır.
Paşa Nuru
newsbaku.az