“Media savadlılığı” orta məktəblərdə tədris olunmalıdırmı?

image-whatsapp-image-2025-08-04-at-15-12-17backend

Media cəmiyyətin güzgüsüdür. Məhz 4-cü hakimiyyət adlanan media, hər bir məsələni işıqlandırıb, ictimai rəy yaratmaq funksiyasını öz üzərinə götürür.

Medianın bir qolu olan “media savadlılığı” ifadəsi bir çoxumuza yad deyil. Media savadlılığı – fərdin tənqidi düşüncəsinə söykənib, medianı anlama, qiymətləndirmə və istifadə etmə bacarığıdır. Belə ki, media savadlı şəxs doğru və “fake” xəbərləri bir-birindən ayıra bilən, xəbəri analiz edib, mənbəyini araşdırmağı bacaran şəxsdir.

Bax, budur media savadlılığının mahiyyəti. “Medianı anlama”. Bəs, medianı anlamaq üçün orta təhsil sistemində “media savadlılığı” fənni tədris olunmalıdırmı?

Mövzu ilə bağlı newsbaku.az-a açıqlama verən BDU Jurnalistika fakültəsi, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova bildirib ki:
“Çağdaş dövrdə informasiya sadəcə xəbər deyil – bu, gücdür, təsir vasitəsidir və çox zaman ictimai rəyin formalaşmasında həlledici rol oynayır. Bu səbəbdən, hər bir fərdin, xüsusən də gənclərin, bu gücdən düzgün istifadə etməyi və onun təsirinə qarşı müqavimət göstərməyi bacarması vacibdir. Ona görə də birmənalı olaraq hesab edirəm ki, media savadlılığı orta məktəblərdə tədris olunmalıdır.
Media savadlılığı insanın zəngin informasiya məkanında “itkin düşməməsi” üçün bir növ “kompas”dır. Bu bacarıq insana sadəcə məlumatı oxumağı deyil, onu təhlil etməyi, sual verməyi, mənbəni yoxlamağı və məlumatın arxasında dayanan məqsədləri anlamağı öyrədir. Eyni zamanda, şagirdlərə tənqidi düşüncə bacarığını, fərqli fikirlərə dözümlülük və dezinformasiyaya qarşı immunitet formalaşdırır.

image-whatsapp-image-2025-08-04-at-15-11-13-1

Bugünkü rəqəmsallaşmış dünyada informasiya bolluğu ilə yanaşı, yalan və manipulyativ məzmunun yayılması da ciddi problemə çevrilib. Sosial media platformalarında yayılan saxta xəbərlər, kontekstdən çıxarılmış videolar, alqoritmik manipulyasiya – bütün bunlar təkcə fərdi yox, həm də ictimai münasibətləri və demokratiya institutlarını risk altına alır. Ona görə də, media savadlılığı artıq yalnız “əlavə bilik” deyil, XXI əsrin həyati bacarığına çevrilib.

Bir çox Avropa və inkişaf etmiş ölkələrdə media savadlılığı artıq məktəb kurikulumunun ayrılmaz hissəsidir. Məsələn, Finlandiyada şagirdlərə təkcə media kontentinin təhlili deyil, həm də onun yaradılması öyrədilir. Rəqəmsal və informasiya savadlığı milli təhsil strategiyasının əsas komponentlərindən biridir. Bu təcrübə sübut edir ki, media savadlılığı uşaqlarda tənqidi düşüncə, özünüifadə bacarığı və ictimai məsuliyyət hissini formalaşdırır.

Azərbaycan da bu qlobal tendensiyadan geri qalmamalıdır. Orta məktəblərdə media savadlılığının ayrıca bir fənn kimi tədris olunması, şagirdlərin informasiya mühitində necə davranmalı olduqlarını anlamalarına, doğru ilə yalanı ayırd etmələrinə, həmçinin özləri də kontent yaradarkən etik və hüquqi çərçivəyə uyğun hərəkət etmələrinə şərait yaradacaq.

Bu cür biliklər, yalnız gələcəyin jurnalistləri və ya media işçiləri üçün deyil, hər bir vətəndaş üçün vacibdir. Çünki bu, həm də informasiya əsrində demokratik dəyərləri, fərdi hüquqları və ictimai təhlükəsizliyi qorumağın bir yoludur. Media savadlılığı olan vətəndaş – daha az manipulyasiya olunan, daha çox düşünən və cavabdeh vətəndaşdır.

Paşa Nuru

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki