Yeni tədris ili ərəfəsində tələbə və valideynlərin kirayə ev axtarışına çıxması fırıldaqçıların fəaliyyətini daha da artırıb. Təhsil eksperti Adil Vəliyev sosial şəbəkə paylaşımında bu mövzuya diqqət çəkib və valideynləri ehtiyatlı olmağa çağırıb.
newsbaku.az-a açıqlama verən ekspertin sözlərinə görə, bir çox universitetlərin yataqxanası olmadığı üçün və ya yerlərin məhdudluğu səbəbindən tələbələr kirayə ev axtarmağa məcbur qalır. Bu isə bəzi hallarda vətəndaşların saxtakarların hədəfinə çevrilməsinə gətirib çıxarır:
“Elan saytlarında mənzil şəkillərini görüb bəyənən vətəndaşlar əlaqə saxladıqları şəxslərdən tez-tez beh və ya tam ödəniş etmələri barədə tələblər eşidir. Fırıldaqçılar “evə çox tələbat var” deyərək vətəndaşları təcili ödəniş etməyə məcbur edirlər. Hətta özlərinə etibar yaratmaq üçün şəxsiyyət vəsiqələrinin surətlərini də paylaşırlar. Ödəniş edildikdən sonra isə həmin nömrəyə zəng çatmır və evin mövcud olmadığı üzə çıxır.”
Adil Vəliyev bildirib ki, belə hallardan qorunmaq üçün valideyn və tələbələr öncədən hazırlıq görməli, universitetin yerləşdiyi şəhərə səfər edərək evləri yerindəcə görməli və ev sahibləri ilə rəsmi müqavilə bağlamalıdır:
“Əgər bu mümkün deyilsə, həmin ərazidə yaşayan qohum və ya dostlardan kömək istəsinlər. Bu cür ehtiyat tədbirləri həm maliyyə, həm də psixoloji zərərlərin qarşısını ala bilər.”
Ekspert əlavə edib ki, yeni tədris ili başlamadan tələbələrin xərcləri kifayət qədər çox olur. Bu səbəbdən əlavə maliyyə itkiləri ailələr üçün ciddi yükə çevrilə bilər.
Rəşanə İsamqizi
newsbaku.az