Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə Dövlət Vergi Xidməti rəhbərinin keçmiş müavinini saxlayıb.
newsbaku.az-ın xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti və Kiyev Şəhər Prokurorluğu sosial şəbəkə hesablarında məlumat verib.
Məlumata görə, saxlanılan Yevgeni Bambizov adlı şəxs 1.5 milyard qrivna (62 milyon manat) kölgə dövriyyəsi olan “konversiya mərkəzi” yaradıb, 2023-2025-ci illər arasında dörd şəriki ilə birlikdə pulların yuyulması ilə məşğul olub və pulların əhəmiyyətli bir hissəsi büdcədən oğurlanıb.
İstintaqın məlumatına görə, o, vəkillik fəaliyyəti adı altında şərikləri ilə birlikdə 14 uydurma idxalçı müəssisə və 80-ə yaxın tranzit şirkəti yaradıb. Bu şirkətlər üzərindən müştərilərə vergilərin minimuma endirilməsi xidmətləri göstərilib. Bu strukturlar vasitəsilə ümumi dövriyyə isə 1.5 milyard qrivnanı (62 milyon manat) ötüb.
Konversiya mərkəzinin müştəriləri büdcə qurumları üçün müqaviləli işlər görən və dövlət vəsaitlərini mənimsəməyə çalışan kommersiya strukturları olub. Təşkilat iştirakçıları saxta şirkətlər vasitəsilə müəssisələrin, o cümlədən də dövlət müəssisələrinin vəsaitlərini kölgə dövriyyəsinə köçürüblər.
Fiqurantlar əsasən yalnız “kağız üzərində” fəaliyyət göstərən onlarla saxta şirkət yaradıblar, həmçinin Kiyevdə ofis icarəyə götürüblər və orada kölgə sənədləşmələrini mühafizə ediblər.
Sxem iştirakçıları təşkilatçı ilə birlikdə saxlanılıblar. Onların hamısını əmlakı müsadirə olunmaqla, 12 ilə qədər həbs gözləyir.
newsbaku.az