Avqustun 6-da saat 15:00-da ölkə üzrə elektrik enerjisinə tələbat rekord həddə çataraq saatda 4 871 meqavat olub.
newsbaku.az xəbər verir ki, bu barədə “AzərEnerji” ASC məlumat yayıb.
Bildirilir ki, eyni zamanda, sutkalıq enerji istehlakı da 100 milyon kilovat-saata yüksəlib.
Bu sürətli artımın arxasında yalnız isti, bürkü və soyuducu sistemlərinin, əyləncə mərkəzlərinin çox işləməsi dayanmır. Əsas səbəb – son illərdə ölkə iqtisadiyyatının, sənaye müəssisələrinin, çoxmənzilli binaların və ümumilikdə bütün sahələrin davamlı və dinamik inkişafıdır.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yayında temperatur 40-42 dərəcə olarkən ölkə üzrə pik tələbat 3 625 meqavat olmuşdu. Son 7 ildə isə ölkə üzrə pik tələbat 1 200 meqavatdan çox artıb. Buna adekvat olaraq ölkə başçısının tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən əlavə generasiya mənbələri, yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün kompensasiyası üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib.
Hazırda “AzərEnerji” nəinki ölkə üzrə tələbata uyğun, ölkənin ehtiyacından daha çox enerji istehsal etmək gücünə malikdir.
newsbaku.az