“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncamla təsis edilən “Yüksəliş” müsabiqəsi perspektivli və idarəçilik bacarıqlarına malik gənclərin seçilməsi, dəstəklənməsi və yeni nəsil rəhbər kadrların formalaşdırılması üçün strateji əhəmiyyət daşıyan platformaya çevrilib”.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib.
O bildirib ki, hazırda sosial müdafiə sisteminin dayanıqlığının təmin olunması yalnız mövcud qanunvericilik və institusional mexanizmlərlə deyil, həm də ekoloji təhlükəsizlik, süni intellektin əmək bazarına təsiri, bacarıqların artırılması və “yaşıl” iş yerlərinin yaradılması kimi çağdaş yanaşmalarla təmin olunur:
“Bu kontekstdə ömürboyu təhsil, yaradıcı və çevik düşüncə, komandada işləmək və liderlik bacarıqlarının inkişafı əsas bacarıq istiqamətləri kimi ön plana çıxır”.
Nazir xatırladıb ki, son illərdə ölkədə əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb.
newsbaku.az