Azərbaycanda kriptovalyuta vergiyə necə cəlb edilir?

image-cryptocurrencybackend

Bu günlərdə Dövlət Vergi Xidmətinin yaydığı məlumata əsasən, Azərbaycanın vergi qanunvericiliyində qeyri-sahibkarlıqdan gəlir, o cümlədən kriptovalyuta üzrə əməliyyatlardan gəlirlərin vergiyə cəlb olunması ilə bağlı mexanizm mövcuddur və kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər məcburi qaydada vergi orqanlarında uçota alınmaqla (VÖEN əldə etməklə) öz vergi öhdəliklərini yerinə yetirməlidirlər. Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən əməkhaqqından başqa hər hansı digər gəlir, təqdim olunduğu təqdirdə, onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir. Vergi Məcəlləsinin 101.2-ci maddəsinə görə, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Bununla yanaşı, qeyri-sahibkarlıqdan gəlir əldə edən fiziki şəxslər növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə gəlir vergisini dövlət büdcəsinə ödəməlidirlər. Kriptovalyutadan gəlirin əldə edildiyi vaxt isə onun təqdim olunduğu tarix hesab edilir. Bu zaman vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarix arasındakı qiymət artımı əsas götürülür.

Bu barədə newsbaku.az iqtisadiyyatşaz-a istinədən xəbər verir

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, kriptovalyuta daxil olmaqla, virtual pullardan əldə edilən gəlirlər artıq xeyli müddətdir Vergi Məcəlləsinə əsasən vergiyə cəlb olunur. Deputat başqa sözlə qeyd edib ki, qeyri-sahibkarların fəaliyyətindən əldə edilən gəlirin 14 faizi vergiyə cəlb edilir:

“Bu proses uzun müddətdir ki, Vergi Məcəlləsində tətbiq olunmağa başlayıb. Mikrosahibkarlar üçün sosial sahədə güzəştlər edilir. Amma gəlirin vergiyə cəlb edilməsi prosesi bütün ölkələrdə həyata keçirilir. Nəzərə alaq ki, kriptovalyutadan istifadə indiki halda qlobal maliyyə bazarının əsas istiqamətlərindən biridir. Xüsusilə, virtual pullardan istifadə edən ölkələrin sayında artım var”

V.Bayramov xatırladıb ki, Azərbaycan Mərkəzi Bankı hələ bir müddət əvvəl bu istiqamətdə ilkin qiymətləndirmə layihələrinə start verib. Onun sözlərinə görə, burada əsas məqam vergidən yayınma hallarının qarşısının alınmasıdır.

Deputat onu da vurğulayıb ki, bütövlükdə kriptovalyuta ilə yanaşı virtual pullardan istiqrazlarda da istifadə olunur: “Vətəndaşlar kriptovalyuta kimi imkanlardan faydalanırlar. Təbii ki, bir sıra əməliyyatların vergiyə cəlb edilməsində müəyyən çətinliklər var. Mütləq gözlənti ondan ibarətdir ki, verginin tətbiq olunmasına baxmayaraq, Azərbaycanda kriptovalyuta və virtual pulların artması müşahidə olunacaq”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki