Bu gün Azərbaycan teatr və kino aktyoru Fazil Salayevin anadan olmasından 94 il ötür.
newsbaku.az xatırladır ki, görkəmli sənətkar 1931-ci il sentyabrın 1-də Bakı şəhərində İdris Salayevin ailəsində dünyaya göz açıb.
Onun əsli Abşeron rayonunun Fatmayı kəndindən olub. Erkən yaşlarından yazıya və təsviri sənətə maraq göstərib. Orta təhsilini yüksək göstəricilərlə başa vurduqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olub və təhsilini müvəffəqiyyətlə tamamlayıb.
Məzun olduqdan sonra bir müddət orta məktəbdə müəllim kimi fəaliyyət göstərib, Yasamal rayonundakı məktəblərdən birində Xalq artisti Afaq Bəşirqızının da təhsil aldığı sinfə rəsm dərsi verib. Bununla yanaşı, “Azərbaycan” nəşriyyatında tərtibatçı-rəssam kimi çalışıb. Daha sonra Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) qəbul olunub və bu ali təhsil müəssisəsini bitirib.
Məzuniyyətdən sonra Akademik Milli Dram Teatrına aktyor kimi işə qəbul edilib, burada müxtəlif səhnə obrazları yaradıb. Lakin yaradıcılıq fəaliyyəti ilə bağlı gözləntilərinin tam qarşılanmadığını nəzərə alaraq, Musiqili Komediya Teatrında fəaliyyətini davam etdirməyib.
Fazil Salayev kinoda ilk rolunu 32 yaşında ifa etsə də, geniş tamaşaçı auditoriyası onu məhz kinoaktyor kimi tanıyıb. Rejissor Həsən Seyidbəyli onu “Möcüzələr adası” filmində epizodik rola dəvət edib. Bir il sonra rejissor Ağarza Quliyevin ekranlaşdırdığı “Ulduz” filmində müxbir obrazını canlandırıb. Daha sonra “Alma almaya bənzər” filmində “Mehdi”, “Bizim Cəbiş müəllim” filmində “Mıqqı”, “Bir cənub şəhərində” filmində “Fazil”, “Dərviş Parisi partladır” filmində isə “Qulaməli” obrazlarını yaradıb. Akademik Milli Dram Teatrından ayrıldığı dövrdə “Mozalan” satirik kinojurnalında müxtəlif xarakterli rollar ifa edib.
1969-cu ildə Şamil Mahmudbəyovun rejissorluğu ilə çəkilmiş “Şərikli çörək” filmində canlandırdığı “Qırçı Məhəmməd” obrazı aktyorun istedadının fərqli aspektlərini üzə çıxarıb.
Bu psixoloji rol onun amplua məhdudiyyətinin olmadığını nümayiş etdirib. Azərbaycan kinosunda sükutla emosiyaların ifadəsi baxımından diqqətəlayiq nümunələrdən biri kimi qiymətləndirilib. Bundan əlavə, televiziya ekranlarında yayımlanan “Komediyalar aləminə səyahət” verilişində müxtəlif səhnəciklərdə çıxış edib.
Fazil Salayevin sənət yolu nisbətən qısa olsa da, o, yaratdığı obrazlar, güclü mimikası və ifadəli yumor hissi ilə Azərbaycan tamaşaçılarının yaddaşında qalıcı iz qoyub. Onun iştirak etdiyi filmlər zaman keçdikcə dəyərini qoruyub saxlayıb və bu gün də maraqla izlənilməkdədir.
Aktyor 16 iyun 1978-ci ildə, 46 yaşında, kiçik qızı Ofeliyanın doğum günündə vəfat edib.
newsbaku.az