FHN çimərliklərdə təhlükəsizliklə bağlı xəbərdarlıq etdi

image-151771-1backend

2025-ci ilin çimərlik mövsümünün açılışından bu günə qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri xidmət apardıqları çimərliklərdə boğulma faktı qeydə alınmadığını açıqlayıb.

Bu barədə FHN-in İctimaiyyətlə əlaqələr idarəsində baş məsləhətçi Azər Sarıyev newsbaku.az-a bildirib ki, bu müddət ərzində 66 nəfər boğulma təhlükəsindən xilas edilib.

FHN bildirir ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefi, sürətli axını, qeyri-müəyyən dərinliyi və məhdud görüntüsü bu yerləri istifadə üçün son dərəcə təhlükəli edir.

Nazirlik əhalini təhlükəsizlik qaydalarına əməl etməyə çağıraraq xəbərdarlıq edib:

🔹 Çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə çimmək olmaz;

🔹 İşarələnmiş çimmə zonalarının sərhədlərindən kənara üzmək qadağandır;

🔹 Küləkli havada dənizə daxil olmaq təhlükəlidir;

🔹 Çimərlikdə gecələmək, sərxoş halda dənizə girmək olmaz;

🔹 Suda kobud hərəkətlər etmək, balıq tutmaq, icazəsiz qayıq və kiçik gəmilərlə çimərlik ərazisinə daxil olmaq qadağandır.

Tövsiyə olunur:

Uşaqlar çimərlikdə nəzarətsiz qalmamalı, xəbərdaredici nişanlara və xilasedicilərin çağırışlarına əməl olunmalıdır;

Günəşin altında uzun müddət qalmaq və hava qaraldıqdan sonra dənizə girmək təhlükə yaradır.

FHN çimərlik mövsümündə təhlükəsizliyin təmin olunması üçün vətəndaşları məsuliyyətli davranmağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə dəvət edir.

Rəşanə İsamqizi 

newsbaku.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki