newsbaku.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı bildirib ki, hazırda bir sıra məktəblərdə dəhlizlərdə kamera sistemləri mövcud olsa da, sinif otaqlarında bu sistemin tətbiqi demək olar ki, yoxdur. Onun sözlərinə görə, kameraların məktəbdə istifadəsi həm etik, həm hüquqi, həm də psixoloji baxımdan şagirdlərin tərbiyəsinə mənfi təsir göstərir.
“Şagirdlərin həyatının əhəmiyyətli vaxtının nəzarət altına alınması onların azadlıq hüququnu məhdudlaşdırır və ikili şəxsiyyət, ikili sosial-psixoloji davranışın formalaşmasına səbəb olur. Şagird kamera altında bir formada, kamerasız isə digər formada davranış sərgiləyir ki, bu da qəbuledilməzdir,” – deyə ekspert vurğulayıb.
Cahid İmanlı həmçinin əlavə edib ki, məktəblərdə şagirdlərin kamera nəzarəti olmadan şəxsiyyət kimi formalaşması vacibdir. “Kamera sistemi ilə biz şagirdlərin həyatını qoruya bilmərik. Məktəb elə bir mühit yaratmamalıdır ki, məsuliyyət şagirdin özündə olmasın,” – deyə o qeyd edib.
Mühafizə xidmətlərinin məktəblərdə tətbiq edilməməsi də ciddi problemdir.
“Mühafizə xidmətinin tətbiq edilməsinin isə müsbət tərəfləri çox olardı, onlardan ən əsası məktəb ərazisində, məktəbə yaxın ərazilərdən narkotik və digər zərərli maddə satıcılarının uzaqlaşması eləcə də şagirdlərdə ictimai məsuliyyətin formalaşmasını qeyd etmək olar.”-deyə ekspert bildirib.
Jalə Quliyeva
newsbaku.az