Müasir dövrdə gənclər arasında özünəqapanma və sosial təcrid halları getdikcə artır. Psixoloqlar bu vəziyyəti təkcə xarakter xüsusiyyəti yox, eyni zamanda psixoloji və sosial faktorların nəticəsi kimi qiymətləndirirlər.
Psixoloq Arya Mahmud bu mövzu ilə bağlı newsbaku.az-a müsahibəsində asosiallığın səbəblərinə aydınlıq gətirib.
“Asosial insanlar özlərini cəmiyyətdən təcrid etməyi seçən insanlardır”, – deyə Arya Mahmud bildirir. O qeyd edir ki, bu seçimin müxtəlif psixoloji səbəbləri ola bilər. Belə insanları müşahidə edərkən görmək olur ki, onlar ünsiyyət qurmaqda çətinlik çəkirlər.
Bu vəziyyətdən əziyyət çəkən şəxslər özlərini düzgün ifadə edə bilməyəcəklərinə, anlaşılmayacaqlarına, fikirlərinin dəyərsiz olduğuna inanır və ailədə gördükləri rəftarı cəmiyyət daxilində də görəcəklərindən ehtiyat edirlər.
Psixoloqun sözlərinə görə, səhv etməkdən və qınaq obyektinə çevrilməkdən qorxan insanlar özlərini təcrid etməyi bir çıxış yolu kimi görürlər. Elə insanlar da var ki, ümumiyyətlə cəmiyyətdə baş verənlərə maraq göstərmir və depressiv simptomlar nümayiş etdirirlər.
Asosiallığın yaranmasında ailə faktorlarının mühüm rol oynadığını vurğulayan Arya Mahmud əlavə edir ki, konsultasiya və terapiya zamanı şəxsin ailə mühiti, necə bir münasibət içində böyüdüyü, fikirlərinin necə qarşılandığı, şəxsi sərhədlərinin mövcud olub-olmadığı araşdırılır:
“Şəxsə hansı şəkildə yanaşılıb ki, o zamanla özünü təcrid etmək qərarına gəlib? Əgər həmin şəxs davamlı və keyfiyyətli dəstək alarsa, zamanla cəmiyyətin bir parçası olmaq istəyəcək.”
Azərbaycan ailə modelinə toxunan psixoloq bildirir ki, valideynlər övladlarını çox zaman mükəmməlliyyətçi şəkildə böyüdürlər. Hər şey ya ağ, ya da qara olmalıdır. Rəng çalarlarının qəbul edilməməsi isə düşüncə sərtliyinə səbəb olur və bu təsirlər uşaqlıqdan başlayaraq böyüklük dövrünə qədər uzanır.
Sosial mediada aktiv, lakin real həyatda ünsiyyətdən qaçan şəxslərə “asosial” deməyin doğru olmadığını bildirən Arya Mahmud vurğulayır ki, insan sosial bir varlıqdır və hər kəs eyni dəyər və hissləri paylaşa biləcəyi insanlara ehtiyac duyur. Bu ehtiyac qarşılandıqda insanlar daha təhlükəsiz və hüzurlu hiss edir.
Bununla yanaşı, psixoloq asosial gənclərin gələcəkdə ailə həyatı qurmaq istəsələr belə, özlərini ifadə edə bilmədikləri üçün platonik münasibət içində qala biləcəklərini və ya ailə qurduqdan sonra da ünsiyyət problemi yaşaya biləcəklərini bildirir.
Sərbəst(remote) işlərə üstünlük verən asosial gənclərin karyera baxımından uğurlu ola biləcəyini qeyd edən Arya Mahmud, belə insanların dörd divar arasında günlərini necə keçirdiklərinin, onların psixoloji sağlamlığı baxımından önəmli olduğunu vurğulayır. Onların sağlam gündəlik vərdişlərinin olub-olmaması həyat keyfiyyətlərini balansda saxlaya bilir.
Psixoloqun fikrincə, asosiallıqdan çıxış yolu məcburiyyət deyil. Onlar sosiallaşmağa məcbur edilməməlidir. Terapiya fərdi yanaşma tələb edir. Əsas səbəblər araşdırılır, şəxsin yaşı, cinsi, yaşadığı mühit və özünütəcrid müddəti nəzərə alınır.
“Kiçik ev tapşırıqları çox faydalı olur. Məsələn, həftədə bir neçə dəfə kamera qarşısında danışmaq və ya öz hisslərini ifadə etmək,” — deyə Arya Mahmud tövsiyə edir. Onun sözlərinə görə, asosial gənclər çox zaman öz səslərini bəyənmir, görünüşlərinə qarşı mənfi fikirlər formalaşdırırlar. Bu isə onların cəmiyyətə qatılmaqdan çəkindiyini göstərir.
Nitq və diksiya təlimləri, uyğun kitabların oxunması və psixoterapiya seansları vasitəsilə bu cür neqativ düşüncələrin dəyişdirilməsi mümkündür. Kamera qarşısında danışma məşqləri, zamanla özgüvənin formalaşmasında mühüm rol oynayır.
“Asosial gənclər bilməlidir ki, tək deyillər, onlarla eyni hiss və düşüncələri paylaşan yüzlərlə insan var”, – deyə Arya Mahmud qeyd edib.
Aynur Abdullayeva
newsbaku.az