Vitamin C — ya da askorbin turşusu — bədənin immun sistemini gücləndirən, hüceyrələri qoruyan və toxumaların bərpasını dəstəkləyən güclü bir antioksidantdır. Suda həll olunur və orqanizmdə saxlanmadığı üçün gündəlik qida ilə qəbul edilməlidir. Vitamin C tərkibli meyvələr kivi, portağal, limon, naringi, çiyələk, ananas, papaya, mango, greyfurtdur.
C vitamini immun sisteminin baş rol oyunçusudur. Dərinin, damarların, qığırdaqların, həmçinin birləşdirici toxumaların yenilənməsini təmin edir. Kollagen istehsalını stimullaşdıraraq dərinin sağlamlığını qoruyur. Hətta C vitamini çatışmazlığı ürək problemləri və xərçəng kimi ciddi xəstəliklərə zəmin yarada bilər. Bundan əlavə, saç və dəri problemləri, eləcə də diş əti xəstəliklərinə səbəb ola bilər.
C vitamininin sağlamlığa təsiri olduqca genişdir. Orqanizmi toksinlərdən təmizləyir, yüksək qan təzyiqindən qoruyur və aşağı salır. Zökəm, qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yolu infeksiyalarına qarşı təbii bir vasitədir. Skorbut xəstəliyinin qarşısını alır. İnsult və iflic riskini azaldır. Ürək və damar sağlamlığını qoruyur. Hüceyrə və toxumaların bərpasına kömək edir. Xərçəngə səbəb ola biləcək faktorları aradan qaldırır.
Normadan artıq qəbul edildikdə, mədə turşuluğu və qıcqırma, qarın ağrısı və ishal, böyrəklərdə daş əmələ gəlməsi riski, dəmirin həddindən artıq sorulması (hemoxromatoz riski) halları baş verə bilər.
Diqqət etməliyik ki, vitaminlər faydalıdır, amma doza və balans çox vacibdir. Özbaşına vitamin qəbul etmək əvəzinə, həkim məsləhəti ilə və analiz nəticələrinə əsasən istifadə etmək daha doğrudur. İmmuniteti gücləndirmək istəyirsənsə, təbii qidalanma, yuxu rejimi və fiziki aktivlik də ən az vitaminlər qədər önəmlidir.
Nuranə Məmmədova
newsbaku.az