Hümmət Qurbanov: “Biz yaşadığımız yeri dağıtmırıq, cənnətə çeviririk”

image-1200-1backend

“Biz, ermənilərdən fərqli olaraq, Ağdamımızı qurub-yaradacağıq. Qoy dünya görsün ki, biz vandal deyilik, biz yaşadığımız yeri dağıtmırıq, cənnətə çeviririk”.

newsbaku.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri  açıqlamasında bu gün Bakıdan Ağdam rayonunun Xıdırlı kəndinə qayıdan qardaşının ailəsini yola salan Hümmət Qabil oğlu Qurbanov deyib.

O bildirib ki, illərlə bu günün arzusu ilə yaşayıb:

“Bu gün təkcə keçmiş məcburi köçkünlər yox, bütün Azərbaycan xalqı sevinir. Sevinir ki, illərdir həsrətində olduğu doğma yurduna qovuşur. Hətta keçmiş məcburi köçkünlərdən daha çox işğaldan azad olunan ərazilərə səfər edirlər, hətta köçüb yaşamaq istəyirlər bizim cənnət guşələrimizdə. Bu da bizim bu torpaqlara olan sevgimizdən qaynaqlanır.

Mən bu gün qardaşımı yola salsam da, onun qədər sevinirəm. Allah mənə də bu günləri nəsib etsin. Mən də ailəmlə köçüm Ağdamımıza.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 60 ailə (236 nəfər) öz doğma yurduna köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki